Almaniyanın xarici işlər naziri Yohan Vadeful NATO-nun öz ərazisini Rusiyanın istənilən işğalından qorumağa hazır olduğunu bəyan edərək alyansın Rusiya ilə münaqişəni genişləndirmək arzusunda olmadığını bildirib.
Bakupost.az xəbər verir ki, Vadeful bu barədə "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Ölkələrimiz gərginliyin artmasında maraqlı deyil, lakin Rusiya, ola bilsin, bizi tələyə salmaq istəyir. Ona görə də biz ərazimizi müdafiə etməyə hazırıq. Rusiya bilməlidir ki, onun bizi məğlub etmək şansı olmayacaq", - Vadeful vurğulayıb.
O həmçinin Almaniya və müttəfiqlərinin Rusiyanın onilliyin sonuna qədər NATO ərazisinə hücum edə biləcəyi ilə bağlı xəbərdarlığını təkrarlayıb.
Vadeful Almaniya Kansleri Fridrix Mertsin hakim koalisiyasının ölkənin silahlı qüvvələrini Avropanın ən güclü silahlı qüvvələrinə çevirmək öhdəliyi çərçivəsində başlatdığı prosesdə hərbi xərclərin kəskin artdığını da qeyd edib.