
Şahbaz Xuduoğlu
Arif Babayev və Bülbül
Arif Babayev vəfat etdi. Bir neçə gün bütün sosial şəbəkələr, mətbuat yazdı. Sonuncu dəfə o Ağdama səfərinə baxmışdım, elə bilirdim bu, onun haqqında son videodur. Sən demə, ölüm gününə qədər çəkilişlər varmış. Bəzisi çox lazımsız, bəzisi çox şirin.
1987-ci ildə mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirəndən sonra onu bir daha görmədim. Bəlkə də heç görüşməyə ehtiyac duymadım. Nadir hallarda görüşdüyüm “bülbüllər” bəzən müəllimlərimizdən danışar, görüşlərini söyləyərdi, mən isə susub qulaq asardım.
Bülbüldə yalnız iki müəllimlə sonralar təmasım olub. Onlar haqqında daha sonra yazacam.
Arif müəllimi uşaqların bəziləri pilləkənin ağzında qarşılayırdılar. O vaxt onun məşhur “05-06” nömrəli, “QAZ-24” markalı avtomobili vardı. Biz onu harda görsək, uzaqdan tanıyırdıq: bilirdik ki, bu, Arif Babayevin maşınıdır. Bülbül məktəbi o dövrün elit məktəbi hesab olunurdu. Vəzifəli və imkanlı ailələrin övladları orada təhsil alır, bahalı maşınlarla gəlirdilər. Əlbəttə, hamısı yox. Hələ “31” yeni çıxmışdı, amma “QAZ-24” ən nüfuzlu maşın sayılırdı. Belə bahalı maşınları yalnız paradlarda, televiziyada görmək olardı. Kimdə olsaydı, adla çağırardılar. “Jiquli 011”, “06” dəbdə idi. Bütün şəxsi avtomobillər Nazirlər Sovetinin qərarı ilə verilirdi. Adı, vəzifəsi və imtiyazı olmayan avtomobil ala bilməzdi.
Sinifdə uşaqlar atalarının bahalı maşınlarından danışıb lovğalananda, bizim də gözümüz önünə nədənsə Arif Babayevin “24”-ü gələrdi. Adətən şənbə günortadan sonra, yaxud bazar günü şəhərə çıxardıq, kinoteatrlara gedərdik. O maşını Filarmoniyanın, bəzən isə Lenin Sarayının yanında görərdik. Doğma bir adam kimi salamlaşıb ötüb keçərdik.
Uşaqlar Arif müəllimi məktəbin giriş qapısında qarşılayıb üçüncü mərtəbəyə qalxardılar. Muğam otağı da elə həmin mərtəbədə yerləşirdi. Geniş və işıqlı bir otaq idi. Biz çevrə qurub oturardıq ki, Arif müəllim hamını aydın görə bilsin. Özü pəncərəyə yaxın oturardı, uşaqlar isə bir qədər dərinlikdə, daha qaranlıq hissədə. Dərs belə başlayardı.
Otaqda yüz min dəfə böyüdülmüş not işarəsinə bənzər böyük bir fortepiano vardı, üstündə “Belarus” yazılmışdı. Arif müəllim bəzən səsini kökləmək üçün dillərinə toxunardı. Dərs zamanı onu adətən tar müəllimi müşayiət edirdi. Cavan oğlan idi. Çox səliqəli geyinərdi, qaradinməz görkəmi vardı. Bəlkə də qalın qaşları və şəvə bığlarına görə məndə elə təəssürat yaratmışdı. Heç kimlə danışmazdı, Arif müəllimlə dərsə girər və onunla da çıxıb gedərdi. Məktəb illərindən sonra onu bir daha görmədim. Hələ də başa düşə bilmirəm, niyə yaddaşımda qalıb – bəlkə daim səliqəli ağ köynəyinə, ya şax duruşuna görə. Yəqin həm də Arif müəllimi yaxşı müşayiət etdiyinə görə.
Dərs zamanı həm özü oxuyar, həm də hər kəsə bir parça oxutdurardı. “Xan bu yerdə belə oxuyardı” – deyib tez-tez müdaxilə edərdi. İran boğazlarını xoşlamazdı, o cür oxuyan müğənniləri də sevməzdi. Onun üçün səs aydın olmalı idi, “qıjıldamamalı”, “qaqqıldamamalı” idi. Heç bir not kitabına baxmazdı. Bildiyimə görə, “xalçılar” arasında yeganə not oxuyan Şövkət Ələkbərova idi. Yeri gəlmişkən, məktəbdə bizim adımızı qeyri-rəsmi “narodniki” qoymuşdular.
Muğamı necə eşidib, necə oxuyurdusa, bizə də eynisini ötürməyə çalışırdı. Bəzən eyni hissəni təkrar-təkrar günlərlə oxutdurardı. Kim yaxşı mənimsəsə, onunla irəli gedərdi. Xırda bir epizodu yaxşıca mənimsəmək səni böyük səhnəyə apara bilərdi. Amma artıq səslər çıxarsan, yaxud boğaz vursan, onda oyundan kənarda qalardın.
Ağır adam idi, həm də çəkili. Çox səliqəli geyinərdi. Dərsə girən kimi güzgünün qabağında dayanıb kostyumunun döş cibindən darağını çıxarır, başına çəkir, sonra üfürüb yerinə qoyurdu. Qalstukunu düzəldir, arada şalvarını da göbəyinə sarı dartırdı. Göbəkli adam idi. Qalstuku həmişə çox səliqə ilə bağlayardı və boğazını kip tutardı. Hər dərsə fərqli kostyumla gələrdi, çox şıq görünürdü. Muğam oxuyanda qalstuku azca boşaldardı. Arada əlinə dəf də götürürdü. Deyirdi: “Muğam oxuyanda gözü yummaq olmaz, tamaşaçının gözünə baxın. Gözünü yumub öz dünyasına gedənlər var ha, onlara fikir verməyin”.
Yumoru da vardı. “Siz hamınız gələcəyin Xalq artistlərisiniz, amma indidən özünüzü elə aparmayın” – deyə zarafatla gecikən uşaqlara söz atardı. Toya gedənləri isə heç xoşlamazdı. “Toy səsinizi öldürər, hələ tezdir” deyərdi. Amma kimin harada toya getdiyini dəqiq bilirdi, çox da incitmədən söz atardı.
Muğam dərsi qarışıq olardı, fərqli yaş qrupları gəlirdi. “Narodniklər”in arasında şəhərli demək olar ki, yox idi, hamısı rayon və kəndlərdən yığılmışdı. Şəhər uşaqları əsasən skripka, violonçel, piano, az sayda kaman və tar dərslərinə gedirdi.
Rayon uşaqları internatda qalırdı. Musiqi məktəbinin iki mərtəbəsini internat üçün ayırmışdılar. Səhərlər xüsusi avtobus bizi məktəbə aparıb gətirirdi. Günorta və axşam yeməklərini də internatda yeyirdik. Səhər çox erkən oyadırdılar: tualet, əl-üz yumaq, sonra da sıra ilə yeməyə gedirdik. Yeməkdən dərhal sonra Bülbül məktəbinə.
Səhər yeməyi – bir yumurta, 20 qram yağ, çay və kaşa. Günorta və axşam yeməkləri isə bənzər olardı: borş, kartof püresi və bir tikə ət, yaxud qarabaşaq, yanında kompot və iki tikə çörək.
İxtisas dərsləri günün sonuncu dərsi olardı. Avtobus bizi günorta yeməyinə aparar, sonra yenə məktəbə qaytarardı. Səhərlər isə adi uşaqlar kimi bütün fənlərə qatılardıq.
İnternat uşaqlarının geyimi fərqli idi: ağ köynək, tünd şokolad rəngində kostyum və qara tufli. Bir kostyum, bir palto, bir cüt ayaqqabı, iki köynək, iki cüt corab, alt paltarı verilirdi. Kostyum və palto iki ildən bir, digərləri isə ildə bir dəfə dəyişdirilirdi.
Onun sevdiyi səslər vardı. Mən əmin idim ki, mən onların arasında deyiləm. Zakirin səsi ona çox şirin gəlirdi. Aramızda Pəri vardı, o da Ağdamlı ya da Ağcabədili idi. Çox gözəl və zil səsi vardı. Arif Babayev onun səsinə vurğun idi, hər dəfə onu oxutmaq istəyirdi. Amma Pəri çox oxumazdı: ya boğazı ağrıyırdı, ya da bəhanə edirdi. Pəri çox ürəyiyumşaq, dostluqda sadiq adam idi. Nuriyyənin qaya kimi sərt, gur səsi hələ də yadımda. Könülün səsinə də xüsusi diqqət göstərirdi. Bəzən dərsdə elə diqqətlə qulaq asırdı ki, sanki onun səsinin mahiyyətini daha dərindən anlamaq istəyirdi. Könül isə dərsə çox həvəsli gəlmirdi. Arif müəllim onu toyda görəndə zarafatla söz atırdı: “Artıq bizə ehtiyacı yoxdur”. Könül Şəkidən gəlmişdi, “Şəkidən nə əcəb belə səs?!” – deyə bəzən təkrar edirdi.
Aramızda ən istedadlı iki nəfər vardı. Onlar o yaşda sanki artıq muğamdan, ifa sənətindən dərs deyə bilərdilər. Biri Aybəniz Haşımova, digəri isə Elçin Cəlilov idi. Elçinin qəribə bir səsi vardı. Elə bil, səsi kiçik idi, adama yapışmırdı. Amma hansısa konsertdə, ansamblda oxuyanda, birdən səs özünün xarizmasını göstərirdi. O, Sumqayıtda ailə ansamblından gəlmişdi. Atası, anası da birlikdə ansambl yaratmışdılar. Elçinin səsi Arif Babayevin sevdiyi səs tipi deyildi. Arif müəllim daha çox ürəkdən gələn, təbii gücü olan səsləri sevirdi. Onun fikrincə, səsin iki mənbəyi var: biri ürəkdən, biri başdan gəlir. O, ürəkdən gələn səsləri sevirdi. Bu mənada Zakir, Pəri, Könülün səsləri həqiqətən ürəyə toxunurdu. Elçinin səsi isə çox nizamlı, çox səliqəli idi, başdan gəlirdi. Amma üstünlüyü o idi ki, səsini idarə etməyi bacarırdı. Oxuyanda həm duyurdu, həm də idarə edirdi. Bu, hər kəsdə olmayan keyfiyyət idi.
Muğam sinfi üç hissəyə bölünmüşdü: Arif Babayev, İslam Rzayev və Şövkət Ələkbərova tədris edirdi. Mən bir müddət Şövkət xanımın sinfinə düşmüşdüm. Çətin idi, sanki yerlər dəyişirdi – bəzən Arif Babayev, bəzən Şövkət Ələkbərova. Şövkət xanımın ən sevimli tələbəsi Aybəniz idi. İslam müəllimin sevimli tələbəsi isə o dövrün ulduzu – Xeyranisə. O, çox az gəlirdi sinfə, məktəbə. Amma gələndə artıq məşhur bir insan kimi gəlirdi. Çünki onu hər yerdə tanıyırdılar. Çox erkən yaşdan sağalmaz bir xəstəliyi vardı, müalicə ilə məşğul olurdu. Hamı ona dəstək verirdi. Əsasən konsertlərə qatılırdı. Böyük saraylarda, auditoriyalarda keçirilən konsertləri həmişə Xeyranisə açırdı. Sonra Aybəniz. Aybəniz də o eyni səviyyədə parlayan ulduz idi. Bu uşaqlar, bu qoşa qanad bütün gəncləri ilhamlandıran, güc verən istedadlar idilər.
Arif Babayevin ölümü ilə “xalqçıların” akademik təhsilə qəbulunun bir dövrü tamamladı. Amma o üç zirvənin sayəsində muğam və xalq sənəti tədris proqramlarına qapı açdı…