Qlobal surroqat analıq və kommersiya məqsədli doğum sənayesi sürətlə böyüyür və milyardlarla dollarlıq bazara çevrilib.
Bakupost.az xəbər verir ki, bu ilin fevralında araşdırmaçı jurnalist Alev Skottun “HarperCollins” nəşriyyatında dərc olunan “Cash Cow” (“Güvənli gəlir mənbəyi” – məntiqi tərcümə) kitabı bu sənayenin qadın bədənlərinin ticarətinə necə çevrildiyini ortaya qoyur.
Kitabın müəllif ABŞ-nin Aydaho ştatından Şimali Kiprə qədər müxtəlif ölkələrdə qadınlarla görüşüb, onların bədənlərinin kommersiya məqsədi ilə necə istifadə olunduğunu araşdırıb. Kitabda qeyd olunur ki, Gürcüstan və Azərbaycandan səyyar surroqat analar inektsiyalar (yumurtalıqların çox yumurta istehsal etməsi üçün qadına hormon preparatları iynə ilə vurulur) və embrion implantasiyaları üçün müxtəlif ölkələrə səfər edir. Bu zaman həmin qadınların sağlamlığına yalnız minimal şəkildə nəzarət olunur.
Skott sənayenin qaranlıq tərəfini işıqlandırarkən, “Hər şey alınıb-satılır, uşaqlar da istisna deyil” fikrini vurğulayır. Kitabda həmçinin ABŞ və Şimali Kiprdəki təcrübələr, zəngin ailələr üçün icarəyə götürülən surroqat anaların çətin vəziyyəti və onların nadir halda təşəkkürlə qarşılanması kimi hallar təsvir edilir.
Avropada surroqat analıq qadağan olunmasa da, kommersiya vasitəçiliyi qanunla qadağandır. Yeni qanun layihəsi “Uşaq, surroqat analıq və soy-kök” doğumdan etibarən hüquqi valideynliyi müəyyən etməyi və xaricə çıxışı məhdudlaşdırmağı nəzərdə tutur. Lakin uşaq alqı-satqısı ilə surroqat analıq arasında incə sərhəd hələ də qalır.
Kitab eyni zamanda etik suallar ortaya qoyur: tək kişilər və ya eyni cinsdən olan cütlüklər kasıb ölkələrdən gələn qadınların bədənindən istifadə etmək hüququna sahibdirmi? Uşaqlar anonim donor və surroqat analıqla dünyaya gəldikdən sonra öz kimliklərini necə quracaqlar? Hazırda bu suallara dəqiq cavab yoxdur, amma surroqat ana sənayesi sürətlə böyüməkdədir.
Kitabda Azərbaycan adı xüsusi vurğulanır, çünki ölkədən səyyar surroqat anaların qlobal surroqat bazarında aktiv iştirakı həm etik, həm də hüquqi baxımdan müzakirə mövzusudur.
Cavid, BakuPost