Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minən “Uşaq hüquqları haqqında” yeni qanun ölkədə uşaq müdafiəsi sisteminin daha sistemli və sərt hüquqi çərçivəyə salınması baxımından mühüm mərhələ hesab olunur. 8 fəsil və 63 maddədən ibarət sənəddə ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır və uşağın üstün mənafeyi prinsipi birbaşa hüquqi mexanizm kimi təsbit edilir. Qanunda zorakılığın fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq və internet zorakılığı kimi formaları ayrıca təsnif edilir.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a Azərbaycanda 1998-ci ildə analoji qanunun qəbul olunduğunu bildirib.
“Hazırkı qanun həmin sənədin genişləndirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Bu təkmilləşdirmə daha dərin ola bilərdi və yeni qanuna ciddi ehtiyac da olmaya bilərdi. Problem qanunun mövcudluğu deyil, onun icrasına riayət olunmasıdır. Qanunda əvvəlki kimi uşağın öz valideynini tanımaq hüququ təsbit olunur. Bu prinsip beynəlxalq Uşaq Hüquqları Konvensiyasından irəli gəlir. Azərbaycanda anonim süni mayalanma praktikası mövcuddur. Halbuki bir sıra ölkələrdə o cümlədən Avropa ölkələri, Türkiyə və Rusiyada bu praktika qadağandır. Səbəb kimi isə uşağın öz bioloji valideynini tanımaq hüququnun təmin edilməsi göstərilir. Mövqeyə görə, qanunlarda bu prinsip həm əvvəl də mövcud olub, indi də qalır, lakin icra mexanizmi zəif olduğu üçün real nəticə dəyişmir”.
Hüquqşünas həmçinin vurğulayıb ki, uşaqlara qarşı törədilən cinayətlərin gizlədilməsi ağır hüquqi məsuliyyət yaradır.
“Ümumilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, cinayət barədə xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayət məsuliyyəti yaradır. Ağır və ya xüsusilə ağır cinayətin törədilməsini bilib bu barədə xəbər verməmək iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmək üç ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir. Əgər cinayət xüsusilə ağırdırsa (məsələn, uşağa qarşı cinayətlər bu kateqoriyaya aid edilir), bu halda cəza beş ilədək azadlıqdan məhrumetmə ola bilər. Nəticə olaraq, bu hüquqi məsuliyyət ümumi xarakter daşıyır və bütün cinayətlərə, o cümlədən qeyd olunan hallara da şamil olunur”.