Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı daha çox sanksiyanı qaldırmağa çağırıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, D.Rodriges bütün məhdudiyyətlərin tamamilə qaldırılmalı olduğunu bildirib.
Bu xüsusda yayılmış informasiyalara görə, Karakas Venesuelada hakimiyyət dəyişikliyindən bəri ABŞ-nin tətbiq etdiyi sanksiyaların yumşaldılması işini qeyri-kafi hesab edir.
Ölkənin müvəqqəti rəhbəri deyib ki, ciddi iqtisadi problemlərin yaranması üzündən ölkədə sosial iğtişaşlar başlana bilər.
14 apreldə ABŞ Maliyyə Nazirliyi Venesuela Mərkəzi Bankına və digər üç maliyyə qurumuna qarşı sanksiyaların dayandırıldığını elan edib. Lakin, gözləntilərin əksinə olaraq, Cənubi Amerika hökuməti bu qərardan o qədər də məmnun qalmayıb. Rodrigesin komandası başa düşür ki, iqtisadi sanksiyaların qismən qaldırılması ABŞ ilə Venesuela arasında münasibətlərin tədricən normallaşdırılması istiqamətində bir addımdır. Ancaq Karakas ölkə iqtisadiyyatının bərpası üçün bütün sanksiyalar qaldırılmalı olduğunu vacib sayır.
"Biz Venesuelaya qarşı sanksiyaların tam şəkildə qaldırılmasında israr edirik ki, bütün investisiyalar tam şəkildə faydalana bilsin", - D.Rodriges Karakasda ABŞ Energetika Nazirliyinin nümayəndəsi Kayl Houstvaytin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Venesuelanın hazırkı rəhbərliyi ölkənin investisiya cəlbediciliyini səbəbsiz yerə vurğulamır. Venesuelanın enerji istehsalına xarici investisiyalar Trampın prioritetlərindən biridir.