Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun "Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası" adlı kitabının təqdimat mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə Universitetin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak edib.
Çıxış edənlər kitabda təqdim olunan "investisiya absorbsiyası" yanaşmasının əhəmiyyətini xüsusi vurğulayıb, milli iqtisadiyyatda hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeyd ediblər. Bildirilib ki, əsər ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.
Natiqlər vurğulayıb ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.
Qeyd olunub ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin "Güzəştlər Vadisi" modeli ilə təqdim edilməsi xüsusi vurğulanıb.
Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.