Yaxın Şərqdə müharibənin davam etməsi fonunda onun gələcəyi ilə bağlı proqnozlar da intensivləşib.
İddialara görə, ABŞ və İran 45 günlük atəşkəs imkanlarını müzakirə edirlər.
Məlumata əsasən, ABŞ və İran, həmçinin Pakistan, Türkiyə və Misirin timsalında bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.
Bildirilir ki, vasitəçilər Tehranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı müəyyən addımlar atacağını gözləyir. Eyni zamanda, Donald Tramp administrasiyasının atəşkəsin davamlı olacağına dair müəyyən təminatlar verə biləcəyi də müzakirə mövzularındandır.
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev 45 günlük atəşkəslə bağlı səslənən fikirlərin səmimiliyinə şübhə etdiyini bildirib:
“ABŞ-İsrail-İran xəttində eskalasiya davam edir. Bu fonda 45 günlük atəşkəslə bağlı səslənən fikirlərin real olmadığını düşünürəm. Tərəflərdən heç biri, xüsusilə də İran atəşkəsdə maraqlı deyil. İran ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxarmağa fokuslanıb. Tehran hətta Hörmüz boğazının statusunu dəyişmək niyyətindədir”.
Ekspertin sözlərinə görə, Tramp administrasiyası daha çox dezinformasiya yaymaqla özünü müharibədə qalib kimi göstərməyə çalışır:
“45 günlük atəşkəs məsələsi də bu tip məlumatlardan biridir. İsrail isə eskalasiyanın davam etməsində maraqlıdır. Öz maraqları naminə ABŞ-dan istifadə edir. Təl-Əviv Tramp administrasiyasının mövcud imkanlarından yararlanaraq prosesdən maksimum fayda götürməyə çalışır”.
Konfliktoloq hesab edir ki, prosesin taleyi yaxın müddətdə bəlli olacaq:
“Atəşkəs baş tutmayacaq. Üfüqdə real atəşkəs görünmür. Məsələ sahədə həll olunacaq. Yaxın bir ay ərzində hər şey aydınlaşacaq. Tərəflərdən biri ciddi itki verdikdən sonra nəticə elan ediləcək. Hər iki tərəf isə bunu öz qələbəsi kimi təqdim edəcək”.
Həmsöhbətimiz əlavə edib ki, post-Tramp dövründə İran-ABŞ və ABŞ-İsrail münasibətləri indiki kimi olmayacaq:
“Orta perspektivdə, Avropada müşahidə olunan tendensiyalara bənzər şəkildə, Vaşinqton-Təl-Əviv münasibətlərində də müəyyən soyuqlaşma baş verə bilər”.
Rüfət Sultan, BakuPost