ABŞ ilə İran arasında yaşanan yeni gərginlik fonunda vasitəçi ölkələr Vaşinqton və Tehrana 10 günlük atəşkəs təklifilə çıxış ediblər.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, təklif Qətər, Misir, Pakistan və digər regional vasitəçilər tərəfindən irəli sürüb.
Bildirilir ki, yeni təklif, atəşkəsdən əlavə, Hörmüz boğazında gəmiçiliyin bərpasını tələb edir və "Vaşinqtonla Tehrana pozulan anlaşma memorandumunu xilas etmək üçün fürsət vermək" məqsədi daşıyır.
Hələlik tərəflərdən heç biri təklifi qəbul etməyib.
Politoloq
Elşən Manafov "Bakupost"a bildirib ki, Tramp sözügedən atəşkəs təklifini qəbul edəcək:
“İyulun 8-dən etibarən ABŞ-nin 60 günlük atəşkəs razılığının şərtlərini birtərəfli şəkildə pozaraq İran ərzisinə havadan raket və dŕon hücumlarını həyata keçirməsi ilə tərəflər arasındakı müharibə daha kəskin bir mərhələyə daxil olub. ABŞ-nin hücumları qarşılığında İranın da Vaşinqtonun bölgədəki hərbi bazalarına zərbələr endirməsi regionun təhlükəsizlik problemləri ətrafında gərginliyin yüksəlməsinə səbəb olub.
ABŞ-nin Hörmüz boğazındakı iqtisadi blokadanı hərbi yolla aradan qaldırmaq üçün 12 gündür ki, arası kəsilməyən hücumları da hələlik gözlənilən nəticəni verməyib. İran boğazdan onun icazəsi olmadan keçmək istəyən tanker və gəmiləri vurur. Nəticə etibarı ilə dünyada enerji böhranı dərinləşir, neftin və qazın qiymətləri yuksəlir”.
Politoloq hesab edir ki, yaxınlaşan aralıq seçkiləri də Trampı verilən təklifi dəyərləndirməyə vadar edəcək:
“ABŞ-nin bu ilin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar ona 40 milyard dollara başa gəlib. Ekspertlər hadisələrin bu tərzdə davam edəcəyi təqdirdə ABŞ itkilərinin 100 milyard dolları ötəcəyini deyirlər. ABŞ-nin dövlət borcunun hazırda 39,5 trilyon dollara çatması fonunda bu, ölkədə sosial layihələrə ayrılacaq büdcə vəsaitlərinin məhdudlaşdırıması və ya kəsilməsi demək olacaq. Bu vəziyyət isə payızda konqresə seçkilərdə və 2028-ci ildə isə prezident seçkiləri zamanı respublikaçıları məğlubiyətə sürükləyəcək faktorlardan ola bilər”.
Müsahibimiz 10 günlük atəşkəs təklifinin Trampın qəbul etməsinə səbəb olacaq bəzi xarici faktorların mövcud olduğunu da düşünür:
“Trampı narahat edən amillərdən biri İsrailin baş naziri Netanyahunun onunla razılaşdırmadan İrana zərbələr endirməsi ehtimalıdır. Netanyahu müharibə partiyasının lideri olaraq İranla mübarizədə ugur qazanmadan hərbi əməliyyatların dayandırımasının tərəfdarı deyil. İsrailin İranla növbəti qarşıdurması isə ərəb dövlətləri arasında antiisrail koalisiyasının formalaşmasına, son nəticədə ABŞ-nin regiondakı nüfuzuna ciddi zərbə vura bilər. Üstəlik İranın qələbəsi region ətrafında Rusiya və Çinin səyləri ilə antiqərb konsolidasiyasının formalaşmasını da sürətləndirə bilər. Bunlara yol verməmək üçün Tramp ehtimal ki, atəşkəs şərtlərini qəbul edəcək”.
Rüfət Sultan,
BakuPost