Ru
22:43 / 10 Fevral 2026

Vens İrəvana 9 milyardla getdi, bəs Bakıya nə ilə gəldi?

Vens İrəvana 9 milyardla getdi, bəs Bakıya nə ilə gəldi?
Eye

ABŞ vitse-prezidentinin İrəvan və Bakıya səfəri rəsmi bəyanatlarda “sülh təşəbbüsü” kimi təqdim olunur. Ancaq Qərb mediasının diqqət mərkəzində tam başqa məqam var: Ermənistan üçün təxminən 9 milyard dollarlıq yardım paketinin müzakirəsi. Bu rəqəm regionda təkcə iqtisadi yox, siyasi və psixoloji balansı da dəyişən mesajdır. Və istər-istəməz sual doğurur: bəs Azərbaycan üçün nə nəzərdə tutulur?

Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, bu yardım klassik mənada “pul köçürməsi” deyil:

“Söhbət təhlükəsizlik infrastrukturu, kredit zəmanətləri, enerji və nəqliyyat layihələri, Qərb institutları ilə dərin inteqrasiya mexanizmlərindən gedir. Məqsəd açıqdır: Ermənistanı Rusiya orbitindən çıxarmaq və Qərb sisteminə bağlamaq.
Azərbaycan isə Vaşinqton üçün artıq yardım alan yox, oyunun içində olan ölkədir. ABŞ Bakıya milyard vəd etmir. ABŞ Bakıya rol təklif edir. Orta Dəhlizdə açar mövqe, Avropa enerji təhlükəsizliyində strateji tərəfdaşlıq, regional sabitliyin qorunmasında məsuliyyət.

Amma bu rol şərtsiz deyil.

Vaşinqtonun Bakı ilə işləmək istədiyi şərtlər rəsmi sənədlərdə yazılmır. Onlar siyasi davranışdan oxunur.

Birinci şərt regional sabitlikdir. ABŞ üçün əsas prioritet odur ki, Azərbaycan müharibəni yenidən gündəmə gətirməsin. Qarabağ mövzusunun yenidən hərbi fazaya keçməsi, genişmiqyaslı eskalasiya Vaşinqton üçün qırmızı xətdir. Bu, artıq açıq şəkildə hiss etdirilir.

İkinci şərt Rusiya ilə məsafədir. Bakıdan Moskva ilə açıq qarşıdurma tələb olunmur. Amma Kremlin regional planlarının tərkib hissəsinə çevrilmək də qəbul edilmir. Yəni Vaşinqton neytrallıq yox, ölçülü və idarə olunan məsafə gözləyir.

Üçüncü şərt enerji və nəqliyyat öhdəliyidir.

Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır və Orta Dəhlizin açar ölkəsidir. Bu xətlərdə qeyri-müəyyənlik ABŞ üçün strateji risk sayılır. Bakıdan gözlənilən odur ki, bu marşrutlar siyasətin girovuna çevrilməsin.

Dördüncü şərt insan haqları məsələsinin idarə olunmasıdır. ABŞ Azərbaycandan sabah demokratik inqilab tələb etmir. Amma siyasi məhbusların sayının artması, müxalifətin tam sıxışdırılması, repressiyaların normaya çevrilməsi Bakının Qərbdəki manevr imkanlarını daraldır. Bu mövzu ultimatum deyil, amma daimi təzyiq mövzusudur.

Beşinci şərt İran xəttidir. Bakıdan anti-İran forpostu olmaq istənilmir. Amma Tehranla təhlükəsizlik baxımından həddindən artıq yaxınlaşma da Vaşinqton üçün qəbuledilməzdir. ABŞ burada balans görmək istəyir, emosional yaxınlıq yox.
Bu səfər Paşinyanın daxili siyasi mövqeyini gücləndirirmi? Bəli. ABŞ vitse-prezidentinin İrəvanda görünməsi və milyardlıq paketlərin müzakirəsi Ermənistan cəmiyyətinə açıq mesajdır: “Qərb mənim arxamdadır”. Bu, Paşinyanın seçki şansını artırır. Amma eyni zamanda Ermənistanı Rusiya ilə daha kəskin qarşıdurma riskinə də sürükləyir”.

Ekspertin fikrincə, Vaşinqton Ermənistana pul verir ki, asılılığı dəyişsin, Azərbaycana isə rol verir ki, balans qorunsun:

“Bakıya verilən əsas mesaj pul deyil. Mesaj budur: sənə ehtiyacımız var. Amma şərtlərlə...”

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar