Son vaxtlar bir çox vətəndaş kafe və restoranlarda hesab təqdim edilərkən məbləğin üzərinə ƏDV əlavə edildiyini, lakin fiskal çeklərdə həmin obyektlərin ƏDV ödəyicisi kimi qeyd olunmadığını bildirir.
Bu hal istehlakçılarda haqlı suallar doğurmaqla yanaşı, qanunvericiliyin tələblərinin pozulması ehtimalını da gündəmə gətirir.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, yalnız ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər ƏDV ödəyicisi sayılır və ƏDV tutmaq hüququna malikdirlər:
“ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan şəxslər isə bu hüquqa malik deyil və onların təqdim etdiyi mallar və xidmətlər üzrə ƏDV tutulmamalıdır.
ƏDV qeydiyyatına alınmayan şəxslər tərəfindən verilən qəbz və çeklərdə ƏDV ayrıca göstərilə bilməz. Əgər belə obyektlər müştəridən ƏDV adı altında əlavə məbləğ tutursa, bu, qanun pozuntusudur və həmin məbləğ qanunsuz tutulmuş sayılır. Bu hal həm vergi qanunvericiliyinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur və bu cür hallara görə məsuliyyət nəzərdə tutulur. Vergi qanunvericiliyinin pozulmasına görə həmin sahibkarlara maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilər”.
Hüquqşünas vurğulayıb ki, istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsasən, istehlakçıya təqdim olunan çek və qəbzlərdə göstərilən məlumatlar həqiqi olmalı, əsassız ödənişlərə yol verilməməlidir:
“ƏDV qeydiyyatında olmayan obyektlərin ƏDV tutması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilir və bu halda istehlakçı aidiyyəti üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilər.
Əlavə olaraq qeyd edək ki, qeyd edilən hallara yol verən sahibkarların istehlakçılardan əldə etdiyi əsassız qazanclar “əsassız varlanma” halını yaradır. Bu zaman istehlakçı məhkəmədə "əsassız varlanma" ilə iddia qaldıraraq ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər”.
Lalə Novruz,
BakuPost