Avropanın ən böyük avtomobil istehsalçılarından olan “Volkswagen” son illərin ən ağır böhranını yaşayır.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, artan enerji xərcləri, Çin istehsalçılarının sürətli yüksəlişi və qlobal ticarət müharibələri şirkəti ciddi təzyiq altında qoyub.
Şirkət vəziyyətdən çıxmaq üçün “Volkswagen”, “Audi”, “Porsche”, “Skoda”, “Seat” və digər markalarını daha müstəqil idarə olunan qurumlara ayırmaq məcburiyyətində qala bilər. Əks halda, qrupun dərin maliyyə böhranı ilə üzləşəcəyi bildirilir. Almaniyada yüksək enerji qiymətləri istehsal xərclərini artırıb, Çində isə BYD, “Geely”, “Chery” və SAIC kimi yerli istehsalçılar elektrikli avtomobil bazarında “Volkswagen”i geridə qoymağa başlayıb. Nəticədə şirkətin Çində satışları son rübdə 30 faizdən çox azalıb. Məlumata görə, “Volkswagen” rəhbərliyi xərcləri azaltmaq üçün satışı zəif olan modellərin istehsalını dayandırmağı, daha çox elektrikli avtomobillərə yatırım etməyi və istehsalı sadələşdirməyi planlaşdırır. İddialara əsasən, restrukturizasiya çərçivəsində 100 minə yaxın əməkdaşın işdən çıxarılması da gündəmdədir. Belə bir addım yalnız şirkətə deyil, Almaniya iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Şirkətin səhmləri son beş ildə təxminən 66 faiz dəyər itirib, bazar dəyəri isə 40 milyard avrodan aşağı düşüb. Mütəxəssislər hesab edirlər ki, “Volkswagen” yaxın zamanda istehsal xərclərini azaltmasa, elektrikli avtomobil sahəsində rəqabət qabiliyyətini artırmasa və markalar arasındakı mürəkkəb strukturu sadələşdirməsə, Avropa avtomobil tarixinin ən böyük yenidənqurma proseslərindən biri baş verə bilər.
Röya Rizvanzadə,
BakuPost