Volqoqraddan Azərbaycana 4,7 min ton buğda göndərilib. Məhsulun keyfiyyət göstəriciləri “APK SOK” Federal Dövlət Büdcə Müəssisəsinin laboratoriyasının mütəxəssisləri tərəfindən yoxlanılıb. Ümumilikdə dənli bitkilərdən götürülmüş 91 nümunə normativlərə uyğunluq baxımından tədqiq edilib. Buğda Staropoltavski və İlоvlinski rayonlarında yetişdirilib.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, laboratoriya əməkdaşlarının məlumatına görə, yumşaq buğdada kleykovinanın miqdarı və keyfiyyəti, düşmə ədədi, təbii çəkisi, rütubət, qoxu, rəng, tipik tərkib, zərərvericilərlə yoluxma və çirklənmə göstəriciləri araşdırılıb. Eyni zamanda məhsul alaq, dənli və zərərli qarışıqların mövcudluğu baxımından da yoxlanılıb.
Rusiyalı rəsmi Tatyana Yasinovskayanın sözlərinə görə, Azərbaycanın idxal olunan məhsullara dair öz tələbləri mövcud olduğundan əlavə analizlər də aparılıb. Bu çərçivədə buğdada toksik elementlərin, mikotoksinlərin, pestisid qalıqlarının, radionuklidlərin və GMO-nun olub-olmaması yoxlanılıb.
Aparılan yoxlamaların nəticələrinə əsasən, 4,7 min ton buğdanın hamısı normativ tələblərə uyğun hesab edilib və məhsula keyfiyyət sertifikatları verilib. Buğda dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycana ixrac olunub.
Qeyd edək ki, Volqoqrad vilayəti üçün buğda əsas ixrac yönümlü kənd təsərrüfatı məhsuludur. Regional kənd təsərrüfatı komitəsinin məlumatına görə, 2025-ci ildə buğda 1,5 milyon hektar ərazidə əkilib və ümumilikdə 4,7 milyon ton taxıl istehsal olunub.
Cavid, BakuPost