Ru
17:02 / 02 Sentyabr 2025

Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO

Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Eye

Xankəndi şəhərində uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.

Bakupost.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, binanın söküntüsü rəmzi olaraq sentyabrın 2-də – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil. Məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.

Məlumata əsasən, Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Baş İdarəsi kompleks şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir memarlıq və urbanistika konsepsiyalarının tətbiqinə, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, mədəni və tarixi irsin qorunmasına, həmçinin yaşayış üçün rahat və funksional şəhər məkanlarının yaradılmasına cavabdehdir. Buradan regionun dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması, həmçinin əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün əsas planlaşdırma və nəzarət mexanizmləri idarə olunacaq. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan bina yeni mərhələdə dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.



Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 kvadratmetr təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılacaq. Binada müasir texniki təminatlı geniş iş otaqları, vətəndaşların qəbulu, toplantılar keçirmək üçün şərait təmin olunacaq.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası şəraitində həyata keçirilən “Böyük Qayıdış” Proqramının davamı olaraq inşa ediləcək bu bina Qarabağda dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət edərək, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü ifadə edən dəyərli bir simvol kimi tarixdə öz layiqli yerini tutacaq.

***

Sentyabrın 2-si Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.

Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər.

Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.

Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.


Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Xankəndidə qondarma “XİN”in yerində bu bina tikiləcək - YENİLƏNİB - VİDEO/FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar