Ru
13:50 / 30 Mart 2026

“Yaponiya PUA sahəsində Ukrayna ilə tərəfdaş olur” – Politoloq

“Yaponiya PUA sahəsində Ukrayna ilə tərəfdaş olur” – Politoloq
Eye

“Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin pilotsuz uçuş aparatları (PUA) yox idi. Ukrayna ona lazım olan PUA-ları müharibənin ilk ilində Türkiyədən alırdı. Müharibə beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı PUA istehsalına görə dünya liderləri sırasındadır. Bundan başqa Ukrayna Rusiya PUA-ları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın pilotsuz uçuş aparatları (PUA) hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər. Ukrayna Prezidenti Vladimir Zelenskinin Körfəz ölkələrinin hər birinə səfəri uğurlu olub. Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik PUA-lar alacaqlar”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.

E.Şahinoğlu qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə PUA istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib: “ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən PUA-lara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm PUA istehsalı, həm də onlarla mübarizə texnologiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə PUA istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək”.

Politoloqun sözlərinə görə, Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək: “Hazırkı Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü Tokioya hərbi qüdrətini artırmağı məsləhət bilir.

Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir”.

“Bu arada, Sanae Takaiçi xarici kəşfiyyata şəxsən nəzarət etmək qərarına gəlib. Bu addım İranla müharibənin ön cəbhəsindən gələn böyük məlumat axını ilə əlaqədardır. Buna görə də, iki qurumun – Kəşfiyyat Katibliyinin və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Birincisi müxtəlif qurumlar arasında məlumatların yayılmasını əlaqələndirəcək, ikincisi isə yalnız yaxın gələcək üçün deyil, həm də orta və uzunmüddətli perspektiv üçün strategiya hazırlayacaq. Qanun layihəsinin bu ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır. Əsas məqsəd effektiv işə mane olan maneələri aradan qaldırmaqdır. Əvvəllər baş nazir xarici siyasət və daxili təhlükəsizlik cəbhələrində fəaliyyətə birbaşa nəzarət edirdi. İndi isə kabinet rəhbəri həm də xarici kəşfiyyata cavabdeh olacaq”, – deyə Elxan Şahinoğlu bildirib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar