Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən kütləvi qida zəhərlənməsi yenidən yas məclislərində qida təhlükəsizliyi məsələsini gündəmə gətirib. Hadisə nəticəsində 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan əksəriyyəti ambulator müalicə üçün evə buraxılsa da, iki nəfərin müalicəsi davam edir. İlkin ehtimallara görə, zəhərlənmə qidadan qaynaqlanıb və hazırda hadisənin səbəbləri araşdırılır. Qida Təhlükəsizliyi Agentliyi mərasimdə təqdim olunan yeməklərdən nümunələr götürərək laborator müayinələrə başlayıb.
Bu, yas mərasimlərində baş verən ilk qida zəhərlənməsi deyil. Bəs yas süfrələrində hansı təhlükələrə diqqət yetirilmir və bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?
Bakupost.az xəbər verir ki, Musavat.com-a danışan istehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov bu məsələ bəzi yerlərdə müəyyən qədər həll olunub. Onun sözlərinə görə, xüsusən də Muğan zonasında irəliləyiş müşahidə olunduğunu bildirib.
E.Hüseynov qeyd edib ki, yasda yemək verilməyəndə əhalinin müəyyən narazılığı yaranır. “Təəssüf ki, bu məsələni inzibati üsullarla tam həll etmək mümkün deyil. Əhalinin özü yemək verilməsi ənənəsindən uzaqlaşmasa, buna nail olmaq çətin olacaq. Azərbaycanda bu adəti birdən-birə aradan qaldırmaq çox çətindir. Ona görə də yerli ziyalıların, kənd ağsaqqallarının, müəllimlərin və digər nüfuz sahibi şəxslərin fəaliyyəti vacibdir ki, bu hal azalsın”,_ deyə ekspert təklif edib.
Onun dediyinə görə, yas mərasimlərində verilən yeməklərə nəzarət edilmir: “Qida Təhlükəsizliyi Agentliyinin yas düşən adamların evinə gedib bütün yeməkləri yoxlamaq imkanı və işi yoxdur. Xüsusilə kənd və rayon yerlərində bu məsələ daha nəzarətsiz vəziyyətdədir. Yas üçün lazım olan qidalar, xüsusən kənd təsərrüfatı məhsulları - pomidor, xiyar və digər tərəvəzlər adətən yerli əkinçilərdən alınır. Orada pestisid və nitritlərlə zəngin məhsullar ola bilər. Güman edirəm ki, zəhərlənmələr pestisid və nitritlərlə bağlı baş verə bilər”.
Ekspert əlavə edib ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar da bu işə çox diqqətlə yanaşmalıdırlar: “Hətta çiyələkdən də ola bilər. Yerli şəraitdə yetişdirilən məhsullarda belə hallar mümkündür. Məsələn, illər əvvəl bir kənddə sutka ərzində üç nəfər zəhərlənərək vəfat etmişdi. Sonradan məlum oldu ki, yemək bişirilən mis qazan köhnə və paxırlı imiş. Paxırdan zəhərlənmə baş vermişdi, mis qatışıqları yeməyə keçmişdi və nəticədə üç nəfər bir sutka ərzində həyatını itirmiş, bir neçə nəfər isə xəstəxanaya düşmüşdü. Kəfkirdən və ya qazandan qaynaqlanan zəhərlənmə olmuşdu. Ona görə əhali diqqət etməlidir ki, yas yerində bişirilən yeməklər hansı qabda hazırlanır”.