Ru
14:15 / 18 Sentyabr 2026

Yeni təklif: Müəllimlər vergidən azad edilsin – Deputatdan REAKSİYA

Yeni təklif: Müəllimlər vergidən azad edilsin – Deputatdan  REAKSİYA
Eye

Azərbaycanda müəllimlərin əməkhaqlarından tutulan vergilərin ləğv olunması təklif edilir. Belə ki, məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir, müzakirələr aparılır. Bildirilir ki, vergilərin ləğvi müəllimlərin maddi vəziyyətinə müsbət təsir göstərə, eyni zamanda təhsilin inkişafına əlavə stimul yarada bilər.

Qeyd edək ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur. Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər. Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.


Mövzu ilə bağlı “Bakupost”a Milli Məclisin elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov bildirib ki, müəllimlərin əməkhaqlarının və sosial rifahının yüksəldilməsi vacib olsa da, bunun əsas yolu vergilərin ləğvi olmamalıdır:

“Verginin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar və iqtisadi fəaliyyət göstərən subyektlər ümumi dövlət sisteminin maliyyələşməsində iştirak edirlər. Həmin vəsait yenidən cəmiyyətə - təhsilə, səhiyyəyə, sosial müdafiəyə, infrastruktura və digər ictimai xidmətlərə yönəldilir”.

Deputat vurğulayıb ki, vergi sisteminə yalnız “əməkhaqqından tutulan məbləğ” kimi baxmaq düzgün deyil:

“Əgər bu gün müəllimin maddi vəziyyətini yaxşılaşdırmaq üçün vergini ləğv ediriksə, sabah eyni arqumentlə həkim, tibb bacısı, alim, mədəniyyət işçisi və digər vacib peşə sahibləri üçün də eyni məsələ haqlı olaraq gündəmə gələ bilər. Nəticədə ayrı-ayrı sosial problemlərin həllini vergi sistemində ardıcıl istisnalar yaratmaqla həyata keçirməyə başlayarıq”.

R.Mahmudovun fikrincə, daha sağlam yanaşma müəllimin əməyinin real dəyərinin düzgün müəyyənləşdirilməsidir:

“Əməkhaqqı mərhələli və dayanıqlı şəkildə artırılmalı, nəticəyə və peşəkarlığa əsaslanan stimullaşdırıcı mexanizmlər təkmilləşdirilməlidir. Müəllim daha yüksək gəlir əldə etməlidir, amma bunun əsas yolu onun vergidən azad edilməsi deyil, əməyinin daha yüksək qiymətləndirilməsi olmalıdır.
Vergi güzəşti də iqtisadi siyasətin bir alətidir və əlbəttə, müəyyən hallarda tətbiq edilə bilər. Lakin belə qərarlar ayrı-ayrı problemlərə operativ cavab kimi deyil, konkret iqtisadi əsaslandırma, sosial ədalət və dövlət maliyyəsinin uzunmüddətli dayanıqlığı nəzərə alınaraq verilməlidir.
Yəni müzakirənin əsas sualı “müəllim vergi ödəməlidirmi?” deyil, “müəllimin əməyini necə daha yüksək qiymətləndirək və onun real gəlirini davamlı şəkildə necə artıraq?” olmalıdır”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar