Ru
12:45 / 01 May 2026

Zaxarovadan Türkiyəyə ağır ittiham

Zaxarovadan Türkiyəyə ağır ittiham
Eye

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qardaş Türkiyəni Ukraynaya dəstəyə görə ittiham edib. O, Türkiyə və Bolqarıstanın “NATO daxilində Ukraynanı dəstəkləməklə Qara dənizdə dolayı yolla ətraf mühitə ziyan vurduğunu” bildirib. Zaxarovaya görə, alyansın üzvləri olaraq hər iki ölkə Kiyevə hərbi və maliyyə yardımı ilə bağlı qərarlara görə məsuliyyət daşıyır.


XİN rəsmisi qeyd edib ki, "siyasi dəstək, maliyyələşdirmə, birbaşa silah təchizatı və hər cür informasiya yardımı ilə Türkiyə və Bolqarıstan onların sahillərini yuyan dənizə zərbə endirməyə töhfə verir”. Zaxarova xüsusilə Qara dənizə “ekoloji zərbə”yə diqqət yönəldib. Hələ ki, rəsmi Ankara ittihama cavab verməyib. Lakin ilk dəfədir ki, Moskva indiyədək neytral vasitəçi kimi qəbul elədiyi Türkiyəni Ukraynaya görə bu şəkildə ittiham edir.


Niyə indi? Rəsmi Ankaranın reaksiyası nə olacaq?


Bakupost.az xəbər verir ki, AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-a açıqlamasında Zaxarovanın ittihamlarının ekoloji narahatlıqdan qaynaqlanmadığını açıqlayıb.


Onun sözlərinə görə, bu, daha geniş geosiyasi kontekstin məhsuludur və bir neçə paralel məqsədə xidmət edir. “Rusiya ilə Türkiyə arasında münasibətlər son illərdə həm əməkdaşlıq, həm də rəqabət elementləri ilə xarakterizə olunur. Enerji, Suriya, Cənubi Qafqaz və taxıl dəhlizi kimi mövzularda Ankara balanslı siyasət aparmağa çalışsa da, NATO üzvü kimi alyans çərçivəsində Ukraynaya müəyyən dəstək verməsi Moskvanın narazılığını artırır. Xüsusilə Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığının, o cümlədən pilotsuz uçuş aparatları və müdafiə sənayesi sahəsində əlaqələrinin inkişaf etdirilməsi Rusiyanı ciddi şəkildə narahat edir”, - R.Bayramov belə şərh edib.


Politoloqun fikrincə, Zaxarovanın ittihamlarını Qara dəniz faktoru ilə əsaslandırması da təsadüfi deyil: “Belə ki, Qara dəniz həm strateji, həm də simvolik məkan olaraq Ukrayna müharibəsində əsas cəbhələrdən biridir. Rusiya bu bölgədə hərbi üstünlüyünü qorumağa çalışır, lakin NATO-nun dolayı təsirinin artması, xüsusilə sahilyanı ölkələrin Ukraynaya dəstəyi Moskva tərəfindən təhlükə kimi qiymətləndirilir. Yəni məsələ yalnız ekologiya deyil, Qara dənizdə geosiyasi nəzarət uğrunda mübarizədir”.


Partiya funksioneri qeyd edib ki, daha bir vacib məqam Türkiyənin vasitəçi rolu ilə bağlıdır. Onun fikrincə, son dövrlərdə, xüsusilə Ukrayna danışıqlar üçün Türkiyənin vasitəçiliyinin daha uyğun olduğuna dair bəyanatlarla çıxış edir: “Həqiqətən də müharibənin əvvəlindən etibarən Ankara həm Ukrayna, həm də Rusiya ilə danışa bilən nadir aktorlardan biri olaraq çıxış edib. İstanbul razılaşması, taxıl sazişi, eləcə də əsir mübadiləsi kimi təşəbbüslər məhz Türkiyənin neytral vasitəçiliyi ilə mümkün olub. Lakin indi Rusiya hesab edir ki, Türkiyə bu balansı qorumur. Digər tərəfdən danışıqlarda faktiki olaraq Rusiyanın mövqelərini müdafiə edən ABŞ-nin Türkiyə ilə əvəzlənməsi də Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Rusiya bu tip ittihamlarla Türkiyənin neytral statusunu şübhə altına almaq istəyir”.


R.Bayramov onu da bildirib ki, Türkiyə bu cür ittihamlara adətən emosional deyil, praqmatik cavab verir: “Düşünürəm ki, Ankara haqlı olaraq özünün beynəlxalq hüquqa uyğun hərəkət etdiyini, Ukraynaya dəstəyin isə regional sabitlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayacaq. Eyni zamanda, Türkiyə Rusiya ilə münasibətləri tam gərginləşdirməmək üçün ritorikanı eskalasiya etməməyə çalışacaq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar