Ru
21:26 / 20 May 2019

Zelenski çətin duruma düşür - ŞƏRH

2889
Ukraynada
prezident seçilən Vladimir Zelenskinin bu gün parlamentdə andiçmə mərasimi
keçirildi. Andiçməyə müxtəlif ölkələrin rəsmiləri qatılsa da, 2010 və 2014-cü
ildəki andiçmə mərasimlərinə daha çox qonaq gəlmişdi. Vladimir
Zelenskinin andiçmə mərasimindəki çıxışından hansı əsas nəticələr hasil olur?   BakuPost.azxəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan
Şahinoğlu Zelenskinin prezident kimi ilk çıxışını şərh edib.  

 

Politoloq
bildirib: "Zelenski parlamenti buraxdığını elan etdi. Bu, çoxları üçün
gözlənilməz qərar idi. Amma o demək deyil ki, prezident istəyinə nail oldu.
Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyanın formalaşması üçün
qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində prezidentin
parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla
parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz
edərək Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcək".
 

 

Onun
sözlərinə görə, Zelenski hazırki hökumətlə işləmək istəmir, baş naziri istefaya
çağırır. Zelenski bu zaman Amerikanın özü kimi artist olmuş keçmiş prezidenti
Ronald Reyqanın bu sözlərinə müraciət edir: "Hökumət problemləri həll etmir,
Hökumətin özü başlıca problemdir”. Zelenski ictimaiyyətin hökumətin
fəaliyyətindən narazı qaldığını bilərək baş naziri və bütövlükdə hökuməti
istefaya çağırır.


 

 
"Üçüncüsü,
Zelenski Donbasda müharibəyə son qoyulmasını istəyir və çıxışında bu mövzu ön
planda idi. Zelenski hətta Donbasda yaşayan rusdillilərə xoş gəlsin deyə
çıxışının bir hissəsini rus dilində davam etdi. Ancaq anındaca onu dinləyən
müxalif deputat Lyaşkodan "ana dilində danış” replikasını aldı. Andiçmə zamanı
bu kiçik qovğanın özü gələcəkdə sülhün necə çətin olacağını və həmin sülhün
Ukraynada hamı tərəfdən birmənalı qarşılanmayacağını göstərir. Zelenski Krım və
Donbasdan danışarkən maraqlı ifadə işlətdi: "Biz ərazilərdən başqa Krımda və
Donbasda yaşayan insanları itirmişik, onları geri qaytarmalıyıq”. Maraqlı
yanaşmadır, ancaq reallaşması bu qədər asan olaydı, bunu elə keçmiş prezident
Petro Poroşenko həyata keçirərdi. Zelenski hansı yolla Krımı və Donbassı geri
qaytaracağına dair fikir bildirmədi. O da aydındır ki, Zelenski üçün güc yolu
istisnadır".  

 

Politoloqun
fikrincə, Zelenskinin andiçmə mərasimindəki çıxışının ruhundan aydın oldu ki,
yeni prezident separatçılarla və Moskva ilə danışıqlara hazırdır:
  "Onun
bu yanaşması Ukraynada fikir ayrılığının dərinləşməsinə səbəb olacaq.
Zelenskinin hazırda başlıca məqsədi Donbass separatçılarının və Moskvanın
əlində olan bütün ukraynalı əsirlərin azad olunmasını tezləşdirməkdir. Bu
mümkündür, bir şərtlə ki, Ukrayna da separatçıların və Rusiyanın arzuladığı
bütün əsirləri azad etməlidir. Poroşenko zamanında əsirlərin "hamının hamıya”
prinsipi ilə azad olunmasına razılıq vermədi. Çünki Poroşenko əsirlərin içində
insanları qətlə yetirən terrorçuların da olduğunu bildirir və onları azad etmək
istəmirdi. Zelenski isə "hamının hamıya” prinsipinə razı olmuş kimi görsənir,
Moskva və separatçılar da bunun arzusundadırlar.   Beşincisi,
Zelenski çıxışında Ukraynanın Avropa İtifaqı və NATO üzvlüyü barədə qəti bir
fikir söyləmədi. Prezident sadəcə onu dedi ki, Avropa beyinlərdə olmalıdır və
ordunu NATO standartları ilə inkişaf etdirmək lazımdır. Zelenski haradasa
haqlıdır. Petro Poroşenkonun adı çəkilən iki quruma üzvlük hədəfi onun
prezidentliyi dövründə reallaşmadı. Zelenski də bu acı təcrübədən çıxış edərək
reallaşması çətin hədəflərdən danışmaq istəmir".  

 

 

E.Şahinoğlu
xatırladıb ki, Zelenski ilk gündən prezidentliyinə böyük hədəflərlə başladı.
Ancaq onun siyasi təcrübəsi yoxdur və çıxışındakı bütün tezislər qulağa xoş
gəlir.
  "Zelenski
siyasi elitalara deyil, ona səs verən seçicilərə arxayındır. Bəli, Zelenski 73
faizlə prezident seçilib və bu, xalqın ona inamından xəbər verir. Ancaq atılan
və atılacaq addımlar Zelenskini oliqarxlarla və siyasi elitalarla üzbəüz
qoyacaqsa, cəmiyyət hər dəfəsində onun köməyinə çatmayacaq. Ukrayna
müstəqillikdən bu yana oliqarxlar və siyasi elitalar tərəfindən idarə olunur və
heç bir prezident siyasi təcrübəsindən çıxış edərək mövcud durumu dəyişə
bilmədi. Zelenskiyə də çətin olacaq. Ukraynanın hər tərəfdən dərin problemləri
var. Bu problemlərin həlli üçün Zelenskinin ölkə daxilində və xaricində güclü
tərəfdaşlara ehtiyacı var. Bu tərəfdaşları tapmaq və onları inandırmaq
lazımdır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər