Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinin infrastrukturuna endirdiyi zərbələr, əslində, Macarıstan və Slovakiyaya hücumla eynidir, çünki bu ölkələr neft tədarükünü həmin marşrutla həyata keçirirlər.
Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
“Bu hücumlar Macarıstana və Slovakiyaya yönəlib. Onlar Rusiya deyil, məhz bu iki ölkəyə zərər vurur,” – deyə Siyarto bildirib.
O hesab edir ki, Kiyev bu yolla Budapeştə təzyiq göstərmək istəyir, xüsusilə də Ukraynanın Avropa İttifaqına üzvlüyü və Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı məsələlərdə. Siyartonun sözlərinə görə, Brüssel bu hücumlara münasibətdə susaraq dolayı dəstək göstərir.
Nazir eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarına da toxunub:
“Heç bir şübhə yoxdur ki, Zelenski açıq şəkildə, kobud və həyasız formada Macarıstana hədə-qorxu gəlib.”
Onun sözlərinə görə, Zelenski açıq bəyan edib ki, əgər Macarıstan Ukraynanı dəstəkləyən mövqe tutmasa, onda “Drujba” neft kəmərinə hücumlar davam etdiriləcək. Bu kəmər isə Macarıstanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Aysel,
BakuPost