Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə müharibə danışıqlar səmimi və konstruktiv aparılarsa, bir neçə ay ərzində başa çata bilər.
Bakupost.az xəbər verir ki, o, bu barədə Bloomberg agentliyinə açıqlamasında deyib.
Prezidentin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən son görüşlər əsasən atəşkəs mexanizmi və ABŞ-ın bu prosesə nəzarəti ətrafında olub. Lakin ən yüksək siyasi səviyyədə qərarların olmaması səbəbindən tərəflər detalları tam razılaşdıra bilməyiblər.
“İstənilən atəşkəs ABŞ-ın iştirakı ilə monitorinq mexanizmini tələb edəcək. Bununla belə, sənədin formul və detalları üzərində iş davam etdirilməlidir”.
O qeyd edib ki, mümkün sülh sazişi ya Ali Rada tərəfindən təsdiqlənməli, ya da ümumxalq referendumuna çıxarılmalıdır.
Prezident həmçinin bildirib ki, ABŞ administrasiyası bütün sənədlərin eyni vaxtda imzalanmasını istəyir. Ukrayna isə hazırda addımların ardıcıllığını, o cümlədən sazişlərin imzalanma qaydasını müzakirə edir. Zelenskinin fikrincə, növbəti danışıqlar raundundan sonra tərəflər qarşılıqlı anlaşmaya yaxınlaşmalıdır.