Əslində hərbi baxımından Rusiyanın 24 fevral 2022-ci il və ABŞ-ın 3 yanvar 2026-cı il əməliyyatları arasında çox böyük oxşarlıqlar var və bəzi faktorlar/şəxslər olmasaydı, hələ 4 il qabaq Zelenski Maduronun vəziyyətinə düşəcəkdi. Zelenskini və Ukraynanı kim xilas etdi?
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bildirib.
Onun sözlərinə görə, ruslar Ukraynada amerikalıların Venesuelada etdiyi ilə demək olar ki, eyni cür hərəkət edirdi:
“İlk zərbə raket-bomba zərbəsi idi: HHM bazalarına və mövqelərinə, həmçinin hərbi aviasiyanın aerodromlarına. İndi isə bir anlıq təsəvvür edək ki, Rusiya müharibənin ilk saatlarında Ukrayna HHM-in əsas bölmələrini və aerodromlardakı döyüş təyyarələrini sıradan çıxarır və havada tam üstünlük qazanır. O zaman nə baş verərdi?
O zaman Qostomel aerodromu rus desantları tərəfindən ələ keçirilərdi. Müqavimət göstərən ərazi müdafiə qoşunları Rusiya təyyarələri və helikopterlərindən endirilən raket zərbələri ilə darmadağın edilərdi. Uçuş-enmə zolağını atəşə tutmağa başlayan artilleriya Rusiya aviasiyası tərəfindən dərhal susdurulardı. Ruslar aerodromu rahat ələ keçirər, daha sonra isə hava-desant qoşunlarının şəxsi heyətini ora yerləşdirərdi. Və sonra Kiyevə doğru...
Amma bütün bunlar baş vermədi...
Çünki Rusiya genişmiqyaslı hücuma çox az müddət qalmış Ukraynanın döyüş təyyarələrinə havaya qalxmaq əmri verildi. HHM bölmələrinə isə bazaları tərk edib açıq sahələrdə mövqelərə yerləşmək tapşırıldı. Nəticədə Moskva “boş koordinatlar”a zərbələr endirdi. Ardınca isə Ukraynanın HHM-i və aviasiyası işə düşdü və Rusiya havada üstünlük əldə edə bilmədi.
Moskva hələ o zaman da kifayət qədər çox olan qoşunları ilə manevr edə bilərdi. Amma…
Məsələn, 72-ci əlahiddə mexanikləşdirilmiş briqada vaxtında Kiyevə çatdı və İrpen çayı boyunca müdafiə mövqeləri tutdu. Onlar mövqelərə doğru irəliləməyə Rusiyanın hücum etdiyi 24 fevralda yox, artıq 23 fevralın səhərindən başlamışdılar. Amma niyə? Əmri kim verdi? Kim məsuliyyəti öz boynuna götürdü?
General Nayev bütün "qaranlıq" məsələlərə aydınlıq gətirdi. O bildirdi ki, USQ briqadalarına Rusiya işğalından əvvəl döyüş xətlərinə çıxmaq əmri verilmişdi. Məhz buna görə onlar vaxtında mövqeləri tuta bildilər. Bu, təkcə Kiyevdə baş vermədi. Eyni vəziyyət Xarkovda da yaşandı. İşğalçılar Xarkov dairəvi yolunda hücumdan cəmi bir neçə saat sonra qarşılandılar və döyüşə cəlb olundular. Onları könüllü dəstələr deyil, komandanlığı, döyüş texnikası və atəş dəstəyi olan peşəkar USQ bölmələri qarşıladı.
Bütün bunlar Ukraynada bir nəfərin verdiyi qərarlar sayəsində mümkün oldu. O insan HHM bölmələrinə texnika ilə birlikdə bazalardan çıxmaq əmri verdi. O insan təyyarələrə dərhal havaya qalxmaq tapşırığı verdi. O insan USQ briqadalarına döyüş mövqelərinə çıxmaq əmri verdi.
Bu insan inanılmaz riskə getdi. Çünki o, faktiki olaraq səlahiyyətlərini aşdı. Belə səviyyəli əmrləri yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanı Zelenski verə bilərdi. Lakin son ana qədər hücuma inanmayan Zelenski bu qərarları vermirdi...
Bu insan - o dövrdə USQ-nin baş komandanı olan general Valeri Zalujnıdır.
Bəziləri istəsə də, istəməsə də, bu gün Ukraynanın dövlət kimi mövcudluğu birbaşa və istisnasız olaraq Valeri Zalujnının verdiyi qərarların nəticəsidir”.
Asena,
BakuPost