“ABŞ-da keçirilən üçtərəfli görüşdə Azərbaycan israr etdiyi sülhü əldə etdi və Azərbaycanın şərtlərinin əks olunduğu sülh sazişi imzalandı”.
Bunu
Bakupost.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, bu görüş həm Ermənistan–Azərbaycan münasibətləri tarixində, həm də regionumuzun tarixində mühüm bir hadisədir:
“Ona görə ki, bu sülh regiona uzunmüddətli sabitlik və iqtisadi inkişaf gətirəcək. Eyni zamanda, son 200 ildə regionumuzu təhdid edən güc mərkəzlərinin sülhə və regional təhlükəsizliyə müdaxiləsini məhdudlaşdıracaq. Bu isə özlüyündə ayrıca bir tarixi hadisədir. Məsələnin digər tərəfi isə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər kontekstində yeni bir eranın başlanmasıdır. İmzalanmış memorandumda strateji tərəfdaşlığın əsaslarının yaradılması və hədəflərinin müəyyənləşdirilməsi üçün xüsusi bir komissiya təsis olunub. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirən, regiona uzunmüddətli sülh vəd edən hadisələrdir. Və nəhayət, saysız-hesabsız əleyhdarları olmasına baxmayaraq, Zəngəzur dəhlizinin açılması ayrıca bir hadisədir".
Lalə,
BakuPost