Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdiyi bildirilir.
Bakupost xəbər verir ki, criminal.az-ın məlumatına görə, qarşıdurma kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovla müəssisədəki “Şamaxı qruplaşması”nın üzvləri arasında yaşanıb.
İddiaya görə, qruplaşma üzvləri C.Həsənovu ağır şəkildə döyüblər. Hadisədə iştirak edən şəxslərin cərimə kamerasına (kars) salındığı bildirilir.
Məlumata görə, bundan sonra kriminal aləmdə “qanuni oğru” kimi tanınan Rufo Gəncinski yaxın adamı hesab edilən “Yeraz Camal”ın döyülməsinə görə qisas alınması barədə “proqon” verib. Ardınca qarşı tərəfin üzvlərinin döyüldüyü və “Yeraz Camal”ın 11 saylı cəzaçəkmə müəssisəsindən başqa müəssisəyə etap edildiyi iddia olunur.
“Yeraz Camal” kimdir?
Camal Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ilin oktyabrında Bakıda saxlanılaraq istintaqa təhvil verilib.
C.Həsənovun adı bundan əvvəl də kriminal aləmdə baş verən səs-küylü hadisələrdə hallanıb. O, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və “Hacı Beyləqanski” kimi tanınan şəxslə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı. Bir müddət sonra onlar məhkəmə tərəfindən sərbəst buraxılmışdılar.
Rusiya mətbuatında yayılan məlumatlara görə, “Lotu Quli”nin adamı kimi təqdim edilən Cabir Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak etdiyi iddia olunurdu. Camal Həsənovun da qisas məqsədilə Sankt-Peterburqa gedərək Cabir Həsənovu güllələyib öldürdüyü bildirilirdi.
İş üzrə yayılan məlumatlarda Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun kömək etdiyi, bunun müqabilində 50 min rubl aldığı qeyd olunub. N.Nüsrətov daha sonra saxlanılıb və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevdir. Onun qardaşı Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Hadisə ilə bağlı Penitensiar Xidmətin mövqeyi hələlik məlum deyil.