Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Bakupost.az xəbər verir ki, “Yeni Sabah” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb:
Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu Məhərrəmova, polkovnik Vasif Tofiq oğlu Xəlilova, polkovnik Elnur Sadıq oğlu Kazımova və polkovnik Elgün Aqil oğlu Əliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
Həmin tarixdə dövlət başçısı tərəfindən imzalanan daha bir sərəncamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Mürsəl Qorxmaz oğlu İbrahimov “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.
Dövlət başçısının bu ilin avqust ayının 16-da verdiyi sərəncama görə, general-mayor Babək Vahid oğlu Qurbanov “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinov isə “general-mayor” ali hərbi rütbələri alıb.
Azərbaycan prezidentinin 30 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Həmin gün imzalanan daha bir sərəncamla, polkovnik Anar Müslüm oğlu İsmayılov “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.
Azərbaycan liderinin 24 oktyabr 2025-ci ildə imzaladığı sərəncama görə, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərov “general-mayor” ali hərbi rütbəsi alıb.
Dövlət başçısı son olaraq 7 noyabr 2025-ci ildə general-mayor Kənan Əlihüseyn oğlu Seyidova və general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsi, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Həmçinin 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi ilə bağlı sərəncamlar dərc edilməyib. Siyahı yalnız rəsmi mətbuatda dərc edilmiş sərəncamlar əsasında hazırlanıb.