Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq çərçivəsində Ramiz Mehdiyevlə bağlı yeni detallar üzə çıxıb.
Bakupost.az xəbər verir ki, istintaq materiallarına əsasən, Ramiz Mehdiyev 2025-ci ilin avqust–sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb.
Həmin sənəd əvvəlcə Əli Kərimliyə təqdim edilib, daha sonra isə xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər şəxslərinə göndərildiyi texniki vasitələrlə qeydə alınıb.
İttihama görə, Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının köməyi ilə dövlət hakimiyyətinin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər edib, bununla yanaşı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd şəkildə xarici tərəflərə yardım göstərib.
Bundan əlavə, onun 13 oktyabr 2025-ci ilədək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı bildirilir.
Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
• 274-cü maddəsi (dövlətə xəyanət),
• 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi),
• 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması)
ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.