Ru
15:13 / 03 Noyabr 2025

20 Yanvar dairəsində yenilik: Tıxaclar azalacaqmı? - AÇIQLAMA

20 Yanvar dairəsində yenilik: Tıxaclar azalacaqmı? - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yeniliklər həyata keçirilib.

Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi ərazidə sarı tor çəkilərək, avtomobillərin dayanması qadağan olunub. Məlumatda bildirilir ki, sözügedən ərazidə tez-tez tıxaclar yaranır və avtobuslar öz zolaqlarından çıxaraq kəsişmənin qarşı tərəfinə keçməkdə gecikirlər.

Yeni qaydaya görə, əgər qarşıda tıxac varsa, sürücülər torlu hissəni boş saxlamalı, avtobuslar və sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır. Avtomobillərin sarı torun üzərində dayanmasına görə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq ediləcək.

Maraqlıdır, yeni sarı tor tıxacların qarşısını almaqda nə qədər effektivdir?

Mövzu ilə bağlı Bakupost.az - a danışan texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, bu məhdudiyyətin tıxacların azalmasında effektiv olub-olmayacağı barədə nəsə demək çətindir. Ancaq bütövlükdə tıxaclarla bağlı müəyyən işlər görülməlidir:


“Nəqliyyat vasitələrinin saatlar üzrə intensivliyi nəzərə alınmalıdır ki, tıxacların həmişə, yoxsa yalnız günün müəyyən saatlarında yarandığı aydın olsun. Sarı torun çəkilməsi əvvəldən bəzi yol ayrıcılarında nəzərdə tutulmuşdu və müəyyən qədər xəbərdarlıq funksiyası daşıyır. Mən bu xəbərdarlığa etiraz etmirəm, yaxşıdır, çünki bəzi sürücülər müəyyən vəziyyətləri görür və dərhal anlayırlar ki, bu sarı xətt niyə çəkilib. Ancaq bunun ikinci bir tərəfi - cərimə məsələsi bir az çətindir. Yol hərəkəti qaydaları iki prinsipə əsaslanır: subyektiv və obyektiv prinsiplərə. Məsələn, yol ayrıcında işıqforun qırmızı işığı yanırsa, dayanmalısan, sarı işıq yananda xəbərdarlıq olunur, müəyyən qədər hazırlaşmalısan, yaşıl işıqda isə keçməlisən. Bunlar işin obyektiv tərəfidir.

Subyektiv fikir isə həmin sarı tor məsələsidir. Məsələn, yaşıl işıq yanır, yolu keçə bilərsən. Amma yol hərəkəti qaydalarında belə bir bölmə var: yol ayrıcında nəqliyyat vasitələri toplaşıbsa, tıxac varsa, yaşıl işıq yansa belə, sən mütləq yol ayrıcına girməməlisən.İndi bu sarı tor məsələsi bunu daha da gücləndirir”.

F.Eyyubov cərimələrin tətbiqini isə tam doğru hesab etmir:

“Cəriməyə bir qədər ehtiyatla yanaşılmalıdır. Cərimənin yazılması düzgün deyil, çünki yavaş-yavaş sarı tor məsələsi öz statusunu almalı, yol hərəkəti haqqında qanunda dəqiq yerini tapmalıdır. O zaman vəziyyət daha yaxşı olar. Çünki indiki vəziyyət bəzən sürücülərdə çaşqınlıq yaradır. Hər bir yolda yol hərəkəti elə təşkil olunmalıdır ki, həm sürücülərdə çaşqınlıq yaranmasın, həm də yol hərəkətinin təhlükəsizliyi təmin edilsin. Bu addım tıxacların qarşısını müəyyən qədərala bilər, amma böyük intensivliklə keçən tıxacları tam aradan qaldırmaq mümkün deyil”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar