Ru
16:03 / 26 Noyabr 2025

"20 Yanvar"da xaos: bir zolağı avtobuslar, digərini "manatlıqlar" zəbt edib - AÇIQLAMA+VİDEO

"20 Yanvar"da xaos: bir zolağı avtobuslar, digərini "manatlıqlar" zəbt edib - AÇIQLAMA+VİDEO
Eye

Tbilisi prospekti - "20 Yanvar" metrostansiyası istiqamətinə gedən üçzolaqlı yolda tıxac problemi illərdir davam edir. Son vaxtlar yolun bir zolağı avtobuslar üçün ayrıldığından vəziyyət daha da mürəkkəbləşib. Belə ki, yolun digər iki zolağından birini də qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan avtomobillər zəbt edib. Nəticədə nəqliyyat vasitələri ard-arda dayanaraq sərnişin götürdüyündən yolun hərəkət hissəsi faktiki olaraq bir zolağa düşür. Bu isə Yasamal, Binəqədi və Sumqayıt istiqamətlərində ciddi tıxaclara səbəb olur. Sürücülər dəfələrlə aidiyyəti üzrə şikayət etsələr də, problem öz həllini tapmayıb.

Bakupost.az xəbər verir ki, sözügedən istiqamətdə hərəkət edən sürücülərdən biri problemə görə AYNA-nı günahlandırıb.

O, baş verənləri kameraya çəkərək paylaşıb və bu vəziyyətin həmin yoldan istifadə edən bütün sürücüləri bezdirdiyini bildirib:

“Sağ zolağı zəbt ediblər, biz artıq bezmişik. Nə qədər bunlara görə tıxac olar? Bir zolaqda avtobuslar, bir zolaqda “manatlıqlar”... Başa düşdük, çörək qazanırsız, amma belə də yox. Sən mənim vaxtımı niyə alırsan? Xahiş edirəm, aidiyyəti qurumlar buna nəzarət etsin. AYNA necə nəzarət edir, anlamıram”.

Məsələ ilə bağlı AYNA-dan Bakupost.az-a bildirilib ki, yolun zəbt edilməsi ilə bağlı problemin həlli onların səlahiyyətinə aid deyil.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli isə Bakupost.az - a açıqlamasında bildirib ki, qeyd edilən ərazidə həyata keçirilən profilaktiki, eyni zamanda inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər avtobus zolağında nəqliyyat vasitələrini saxlayaraq, ümumi istifadə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə mane olurlar:

“Bu da yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə və ərazidə sıxlığın yaranmasına səbəb olur. Bildirim ki, ərazidə xidmət aparan əməkdaşlarımız, xüsusi texniki vasitələrin köməyi ilə qayda pozuntularını aşkar etdikdə, həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Sürücülərdən xahişimiz və tələbimiz odur ki, hərəkətin intensiv olduğu yollarda belə qayda pozuntularına yol verərək sıxlıqların yaranmasına şərait yaratmasınlar. Əks halda, pozuntulara uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar