Ru
08:24 / 02 Dekabr 2021

3 ölkəyə qarşı planlaşdırılan təxribatlar… - Müəmmalı qəza - TƏHLİL

7628
Elxan Şükürlü

Hər-hansı fövqəladə hadisə baş verməsə, 2023-cü ildə Türkiyədə, 2024-cü ildə Rusiyada, 2025-ci ildə isə Azərbaycanda növbəti prezident seçkiləri keçirilməlidir.

Hər üç ölkənin hazırki prezidentlərinin – Ərdoğan, Putin və Əliyevin yenidən seçkilərdə iştirakları üçün heç bir hüquqi maneə yoxdur.

Hər üçü ölkələrində referendum keçirərək, Konstitusiyanı yeniləyib və yenidən seçilmələrinə hüquqi maneələri aradan qaldırıblar.

Son günlər verilən açıqlamalardan isə aydın olur ki, həm Ərdoğan, həm də Putin yenidən namizədliklərini irəli sürmək niyyətindədilər.

Ancaq ABŞ-ın yeni prezidenti Bayden nə Ərdoğanın, nə də Putinin yenidən prezident olmalarını istəmir. Heç Ərdoğan-Putin münasibətlərinin yaxınlaşdırılmasında xüsusi rolu olan Əliyevin də hakimiyyətdə qalmasını arzulamır.

Xüsusən də bu üçlünün 2020-ci ildə - ABŞ-da seçkilərin getdiyi bir dönəmdə Qarabağ məsələsi üzərində anlaşarq, ABŞ-ı Cənubi Qafqazda “oyundankənar durum”da saxlamasını və ABŞ-ın istəyinin əleyhinə olaraq, rus hərbçilərinin “sülhməramlı” adı altında Qarabağda yerləşməsini və ardınca da da Mərkəzi Asiya regionunda əməkdaşlığa başlamasını qətiyyən həzm edə bilmir.

Elə bu səbəbdən də hər 3 prezidenti – Ərdoğan, Putin və Əliyevi ABŞ prezidenti Baydenin təşəbbüsüylə çağrılan "Demokratiya Sammiti"nə dəvət etməyiblər.

ABŞ bu addımıyla indidən Türkiyə, Rusiya və Azərbaycanda hər üç liderin hakimiyyəti dövründə keçiriləcək seçkilərin legitimliyini şübhə altına almaqla, faktiki olaraq, hər üç ölkədə hakimiyyət əleyinə radikal çıxışlara, proseslərin qeyri-demokratik müstəvidə cərəyan etməsinə rəvac verməkdə maraqlı olduğunu ortaya qoymuş olur.

Elə hər üç ölkədə son aylarda Qərbdən maddi və siyasi dəstək alan siyasi qüvvələrin maksimum dərəcədə fəallaşdırılması, iqtisadi və siyasi sabotajlara, hərbi təxribatlara əl atılması da bununla bağlıdır.

Baxın, “dollar sabotajı”yla Türkiyə iqtisadiyyatı çalxalanır, əhalinin Ərdoğandan narazı düşməsi üçün hər şey edilir; sanksiyalar altında çabalayan Rusiya isə bütün sərhədləri boyu, xüsusən də Ukrayna istiqamətində hərbi fəallığa və müdaxiləyə təhrik edilir, Putinin korrupsiya əməllərini əks etdirən materiallar Qərb mətbuatında serial kimi yayılır və bu basqının qarşıdakı illərdə daha ciddi sanksiyalarla nəticələnməsi üçün əsaslar yaradılır...

Ən maraqlı ssenari isə Azərbaycan üzərində oynanılır: 44 günlük Qarabağ savaşında Rusiyanın neytrallığı və Türkiyənin də real dəstəyi ilə qələbə qazanan ölkəmizdə 1 ildir ki, çox fəal şəkildə sosial şəbəkələr üzərindən, kiberəməliyyatlar yoluyla anti-Rusiya təbliğatı altında 2005-ci ilin “Narıncı inqilabçılar”ının - Qərbyönümlü müxalifətin yenidən dirçəldilməsinə, ictimai rəydə mövqeyinin gücləndirilməsinə və aralarında təzədən ittifaq qurulmasına cəhdlər göstərilir: bir tərəfdən, 30 illik münaqişəni böyük hərbi zəfərlə bitirən hakimiyyətin bu uğurunun miqyasını kiçiltməyə, gözdən salmağa çalışır, bunun üçün də hökumətin korrupsioner və ədalətsiz mahiyyətindən hər fürsətdəcə çox məharətlə yararlanır, o biri tərəfdən də, var gücləriylə ölkədə olan tarixi anti-rus nifrətini körükləyib Əliyev hakimiyyətinin üzərinə istiqamətləndirməklə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışırlar...

Çünki ABŞ-da yaxşı bilirlər ki, Azərbaycan üzərində qurulan Rusiya-Türkiyə əməkdaşlığı iflasa uğrayarsa, bunun ilk zərbəsi Əliyevə, ardınca 2023 seçkilərində Ərdoğana, 2024-də də Putinə dəyəcək.

Elə Putin, Ərdoğan və Əliyev də bunu gözəl anlayırlar. Bu ilin 29 sentyabrında Soçidə keçirilən Putin-Ərdoğan, 26 oktyabrında Zəngəzurda keçirilən Ərdoğan-Əliyev və 26 noyabrında yenidən Soçidə keçirilən Putin-Əliyev görüşlərindən Qərbə verilən mesaj o idi ki, Qarabağ üzərində qurulan Rusiya-Türkiyə-Azərbaycan ittifaqı ötəri xarakter daşımır və onlar Qərbin regiona bu dəfə Ermənistan üzərindən müdaxiləsini önləmək hazırlığındadılar.

Ardınca Aşqabadda “Rus NATO-su” adlandırılan KTMT üzvlərindən Qazaxıstan, Qırğızıstan və Tacikistanın bu təşkilatın Nizamnamə tələblərini pozaraq, hərbi müttəfiqləri Ermənistanı deyil, Türkiyənin hərbi müttəfiqi Azərbaycanı açıq şəkildə müdafiə etmələri, indiyədək proselərdən kənarda saxlanan İranın da Türkiyə, Rusiya və Azərbaycanın yer aldığı əməkdaşlıq platformasına cəlb edilməsi o anlama gəlirdi ki, Rusiya və Türkiyə heç bir halda Bayden administrasiyasına güzəştə getmək niyyətində deyillər və hətta region ölkələrinin bölgədə yeni və daha geniş hərbi təhlükəsizlik sisteminin qurulması istiqamətində də hansısa addımlar ata bilərlər...

Şübhəsiz ki, belə gərgin bir siyasi şəraitdə Qərbin uzun illər böyük diqqət yetirdiyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 yüksəkrütbəli hərbçisinin həlak olmasıyla nəticələnən müəmmalı 30 noyabr helikopter qəzasının baş verməsinə adi qəza kimi yanaşmaq çox çətindir və bu işin bütün detalları, xüsusən də kiberhücum cəhdinin olub-olmaması xüsusi xidmət orqanlarımız tərəfindən mütləq şəkildə incəliyinədək araşdırılmalıdır.

Çünki bu qəza da, dərhal göründüyü kimi, son 1 ildə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışanların əlində çox böyük bir ideoloji mənbə rolunu oynayacaq, hakimiyyət əleyhinə çıxışlar üçün yeni fürsətlər açacaq.

Bunun ilk işartılarını isə Bakının mərkəzinə təyin edilən aksiyadan da aydın gördük: 14 şəhidinin dəfn mərasiminin keçirilməsinə və polisin də geriyə addım atmayacağının bilindiyinə baxmayaraq, Qərbyönümlülərin aksiyası təxirə salınmadı.

Demək ki, ictimai qəzəbin yaradılması fonunda belə bir aksiyanın keçirilməsi Baydenin “Demokratiya Sammiti” öncəsi kimlərəsə çox gərəkliymiş...

Hələ qarşıda bizi daha böyük sürprizlər gözləyir...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər