Ru
14:49 / 12 Aprel 2019

“4 yaşımdan bəri atamı görməmişəm, harda olduğunu bilmirəm” – Erkin Qədirli İLK DƏFƏ AÇIQLADI...

39509
 

ReAL Partiyasının rəsmisi Erkin Qədirli sosial şəbəkədəki səhifəsində keçmişi, uşaqlığı və ailə həyatı ilə bağlı ilk dəfə maraqlı və bir o qədər də kədərli etiraflar edib. 

 

Bakupost.az Erkin Qədirlinin həmin yazısını təqdim edir: 

 

Dünən paylaşdığım yazıma çeşidli cavablar yazıldı, çoxlu sual verildi. Təmkinli tənqidçilərimin hamısına təşəkkür edirəm. Bununla belə, bildirməliyəm ki, başqa mövzularda olduğu kimi, burada da sözlərim kontekstdən çıxarıldı, niyyətim sorğulandı, hətta mənə "ruhi xəstə", "kompleksli", "uşaq travmalı" və s. kimi damğalar yapışdırmağa çalışanlar oldu. Burası çox maraqlıdır, hərçənd, təəccüblü deyil. Təəccüblü olmadığına görə də təəssüf doğura bilmir. Bir halda ki, düşüncələrimdən daha çox, ya da onlarla birlikdə kimliyim sorğulanır, icazənizlə, bu kontekstdə özüm haqqımda bir az yazım. Mövzuya birbaşa aid verilmiş bəzi sualları isə, sonra cavablandıraram.


Niyyətimi sorğulayanların çoxu kimliyimdə problem olduğunu iddia etməyə girişdi. Əslində, "bu, definitiv problemdir", özümə aid deyil" deyib məsələnin yanından keçə bilərdim. Yalnız, bugün bildirilən mənaların, onları bildirənlərin keçmişinə bağlamaq həvəsinin birilərində çox güclü olduğunu görəndə, istər-istəməz onların bu marağını qarşılamaq (ödəmək) ehtiyacı yarana bilir. Onsuz da ölkəmizin siyasi səhnəsində məndən açıq, məndən səmimi, özü haqqında birilərinə görə hətta kompromat sayıla biləcək məlumatları (örnəyi, hökumətdəkilərlə yaxşı münasibətlərini) açıq paylaşan başqa birisini tapa bilməyəcəksiniz.


Zavalı məktəbli qız uşağının intiharı ilə bağlı xəbərləri oxudum, videolara baxdım. Orada problemi uşağın ailəsində, özəlliklə anasının boşanmış olduğuna yönəltməyə çalışanların olduğunu gördüm. Dünənki yazıma görə məni" ruhi xəstə" adlandıranların, düşüncələrimdə uşaqlıq travmalarının izinin olduğunu iddia edənlərin yanaşması da bunun eynisidir.


Çox tanış görüntüdür. Mən də boşanmış valideynlərin övladı olaraq böyümüşəm. 4 yaşım olanda valideynlərim boşandılar. O vaxtdan atamı görməmişəm. Atam heç zaman mənimlə maraqlanmayıb. Maddi çətinliklərim olmasa da (ana tərəfdən babamın yaxşı imkanları olub), emosional baxımdan yoxsul olmuşam. Ata bir yana, nə qardaşım olub, nə bacım. Qardaş-bacı sevgisi haqqında heç bir kitab, araşdırma, film və s. bu boşluğu doldura bilmir. Mən bu boşluğu dostluqla doldurmağa çalışmışam. Çox yaxın kişi dostlarıma, özümdən asılı olmayaraq, "qardaş" deyirəm. Dostluğa böyük önəm verirəm. Yaxşı dost ola bilirəmmi? Aydın cavabım yoxdur. Hərdən mənə elə gəlir ki, mənim dostluğum Platonik idealdır. Yəni, mən dostlardan daha çox, dostluq ideyasını sevirəm. Ola bilər. Sevdiyim başqa bir kəs məni bir dəfə sosiopat adlandırmışdı. Güman ki, bu da həqiqətə yaxın dəyərləndirmədir. Hər nədirsə, düşüncələrimdə uşaqlıq travmalarının izinin olduğunu iddia edənlər yanılmırlar. Amma onlar başqa şeydə yanılırlar. Onlar elə bilirlər (şərhlərindən aydın olur) ki, bu travmalar məndə mənfi nəticələr doğurub. Mənfi olanı da var, şübhəsiz, amma onların sayı və təsiri tənqidçilərimin iddia etdikləri qədər deyildir.


Boşanmış valideynlərin övladı olmaq çətindirmi? Çox çətindir! Hər yerdə və hər zaman çətindir. Bunu uşaqlığın erkən yaşlarından anlamağa başlayırsan. Sənə bunu hər fürsətdə bildirirlər. "Atan haradadır", "niyə valideyn iclaslarına gəlmir", "atan sənə doğum günündə nə bağışladı", və s. kimi sual və söhbətlərdən qaçmaq olmur. Erkən uşaq yaşlarında boşanmağın nə olduğunu bilmirsən, amma həmyaşıdların sənə bunu çeşidli aşağılayıcı ifadələrlə bildirməyə çalışırlar. Nə etməli? Ya gərək reaktiv olasan, hər şeyə reaksiya verəsən (bu, sağlam yol deyil), ya da gərək reflektiv düşünməyi öyrənəsən.


Mən ikincini seçdim. Bu seçimi etməyə mənə babam yardım etdi. Ona çox şeyimlə borcluyam. Adımı da babam qoyub. Sovet dönəmində ölkəmizdə "Erkin" adına rast gəlmək olmurdu. Adım o dərəcədə nadir idi ki, çeşidli problemlərlə üzləşməli olurdum. Babam mənə adımın mənasını və adıma uyğun yaşamağı öyrətdi. "Erkin" qədim Türk adıdır, "azad", "müstəqil", "ərköyün", hətta "höcət" mənalarını verə bilir. Adımın bütün mənalarını xasiyyətimdə görmək olur. Azadlığımı ərköyüncə, höcətcəsinə sevirəm. O qədər sevirəm ki, dövlət vəzifələrinə təyinat təkliflərinə belə azadlıqdan məhrumetmə kimi baxıram. Yanılmaqdan qorxmamağımın da səbəbi budur - azadlığı və öyrənməyi çox sevirəm.


Azadlıqsevərliyimə təsir edən bir tək babamın mənə verdiyi tərbiyə deyil. Atasız, qardaşsız və bacısız böyüməyimə reflektiv yanaşmağımın nəticəsində özümə bir kimlik qurdum. Emosional boşluğun yerini isə, başqalarıyla ünsiyyət qurmağı öyrənməkdə tapdım. Qura bildiyim ünsiyyəti heç zaman birinci pozmuram.


Boşanmış valideynlərin övladı olmağın çətinliyini sənə yaşatdıran bir tək həmyaşıdların, müəllimlərin və s. deyil, ana tərəfin də olur. Atan haqqında ancaq mənfi sözlər eşitməli olursan, səndə mənfi nə varsa, ancaq atanın genlərindən qaynaqlandığını sənə deyirlər və s. Məndə də elə olmuşdu. Lakin mən burada da reflektiv yanaşmağa çalışdım, özümdə ataya olan ehtiyacı öldürdüm. O dərəcədə ki, soyadıma qarşı sabit bir soyuqluq yarandı. Bugün də elədir. Atamdan qalmış soyadımla bağlı heç bir duyğum yoxdur. Son Brüssel səfərimiz zamanı Meydan Tv'yə verdiyim canlı müsahibədən sonra Mirzə Sakit ünvanıma aşağılayıcı bir şer yazdı. Şerin hər iki misrasından biri "ay Qədirli" sonluğuyla bitirdi. O şeri mənə göndərdilər, cəbhəçilər məni oraya qoşdular (tag etdilər). Orada gördüm ki, çoxusu mənim soyadımla bağlı çeşidli sataşmalar, aşağılamalar yazıb. Nəsə hiss etdimmi? Etmədim. Qəribədir, adamlar məni ələ salırdılar, soyadımı aşağılayırdılar, mənsə heç nə hiss etmədim. Çünki, yuxarıda yazdığım kimi, hələ uşaq yaşlarımda ataya olan ehtiyacımı içimdə öldürmüşdüm, soyadıma isə ancaq sənədləşmə gərəkliyi kimi yanaşıram. Heç bir duyğum yoxdur soyadımla bağlı. Müqayisə üçün, adımla bağlı çox dərin və güclü duyğularım var. Bir dəfə Camal Əli ünvanıma bir şer yazmışdı, şerdə söyüş sözləri vardı və soyadım deyil, adım hallanırdı. Mirzə Sakitin şerindən fərqli olaraq, Camal Əlinin şerinə qəzəblənmişdim. Hərçənd, Camal Əlinin özü ilə bağlı mənfi duyğum yaranmadı, onun yaradıcılıq azadlığına hörmətlə yanaşıram (elə Mirzə Sakitin də). Amma siyasətçilərdən və ya başqa ictimai şəxslərdən eyni yanaşmanı qəbul edəsi deyiləm.


Çeşidli saxta cinayət işlərində prokurorluqda dəfələrlə dindirilmişəm. Hər bir dindirmə şəxsi suallarla başlayır. Sualların arasında ataya aid məlumatları almağa yönəlmiş olanları var. Hər dəfə də "bilmirəm" cavabını verməli olurdum. Müstəntiqlər çox təəccüblənirdilər. Atamın nəinki iş yerini, heç sağ olub-olmadığını bilmədiyimi dediyimə görə məni qınayanı da olurdu. Mənsə doğrudan da bilmirəm, mənə maraqlı da deyil. Atamın məni atıb getdiyinə, anam tərəfin atamı daim pislədiyinə görə, çıxış yolunu atalığa olan ehtiyacımı içimdə öldürməkdə tapdım (reflektiv yanaşma).


Evlənmək haqqında düşünməyə başladığım zaman özümə bir söz vermişdim - mənim övladım atasız böyüməyəcək. Bu, evlənməklə bağlı ən önəmli strategiyam oldu. Gec evləndim, sevdiyim bir qadınla evləndim. Qızımız oldu. Qızımız 4 yaşına çatmağa az qalmış bir vaxtda boşanmalı olduq. Mənim də 4 yaşım olanda valideynlərim boşanmışdı. Qızımın da eyni taleyi yaşayacağına yol verə bilməzdim. Ona görə də boşanmağa yalnız bir şərtlə razılaşdım - qızımla ünsiyyətin kəsilməməsi. Boşanmaq təşəbbüsü məndən gəlməmişdi, lakin burada qınanılası tərəf yoxdur. Keçmiş həyat yoldaşım çox yaxşı adamdır, ən əsası, yaxşı anadır. Dostcasına ayrıldıq, bugün də dostuq, yaxşı münasibətlərimiz var. Qızımızı birlikdə tərbiyələndiririk. Elə də oldu. Qızımızın hər iki tərəfin nənəsi və ana tərəfdən babası ilə əlaqəsi var. Mən özüm də keçmiş qaynanam və qaynatamla sıx və yaxşı ünsiyyətimi saxlayıram. Qızıma məni pisləyən yoxdur. Bu da bir strategiyadır mənim üçün, çünki öz uşaqlığımda atamı mənə çox pisləmişdilər, bunun yaxşı bir şey olmadığını zamanında öyrənə bildim.


Keçmiş həyat yoldaşım elmi işlərilə bağlı indi xaricdə yaşadığına görə, qızım hələ ki, mənimlə qalır. Qızıma tək baxıram. Bu yay 8 yaşı olacaq. Yeməyini bişirirəm, dərslərinə yardım edirəm, onunla oynayıram, gəzirəm, şahmat oynamağı öyrətdim ona və s. Bir sözlə ata olmağa çalışıram. Qızımı, yaşına uyğun, liberal düşüncəli birisi kimi böyütməyə çalışıram. Hələ heç bir yanlışına görə ünvanına "ayıbdır", "utan" və s. kimi qınaq işlətməmişəm. Çalışıram ki, yanlışına görə utanmaqdan daha çox, yanlışının səbəbini bilsin və bir daha onu təkrarlamasın, amma yanılmaqdan da qorxmasın.


Məni, ya da yalnız düşüncələrimi, kontekstdən çıxarılan sözlərimə görə anlamağa çalışanlar arasında niyyətimi və kimliyimi sorğulayanlar, məni yaxşı tanımış kimi bir iddiaya girirlər sanki. Liberallıqdan, gender rollarından və s. çox danışsalar da, davranışlarında, elə düşüncələrində də, heç də danışdıqlarına uyğun görünmürlər. Düşüncələrim çox zaman qıcıq doğura bilir, bunu anlayıram. Düşüncələrim yanlış da ola bilir, bunu da bilirəm. Yanlışlarım üzərində işləyirəm. Amma özümə aid olmayan, kimliyimə və həyat təcrübəmə uyğun gəlməyən, şəxsiyyətimə yaraşdırmadığım şeylərlə (örnəyi, hökumətə satılmaqda, ya da qadınlara aşağılayıcı yanaşmaqda) şərləndiyimi görəndə, ünsiyyəti qırırıram. Hər şey bir yana, qanacaq deyilən bir şey var (olmalıdır).


Çox uzun və, güman ki, darıxdırıcı (ola bilsin hətta yersiz) yazıma görə üzr istəyirəm. Son günlərdə özüm haqqında çox yazmalı oldum, buna görə də ayrıca üzr istəyirəm. Sadəcə, ünvanıma satılmışlıqdan tutmuş ruhi xəstəliyə qədər çeşidli aşağılayıcı yazılar kontekstində hərdən belə cavablara ehtiyac yaranır. Siyasətdə olmağın mənfi yan təsirlərinin biri də budur.

 

Erkin Qədirlinin tənqidlərə səbəb olan statusunu da aşağıdan oxuya bilərsiniz:

 


Şərhlər
  • Çərkəzova Səadət Mehrəli qızı

    Hörmətli millət vəkili çərkəzova Nargilə Nadir qızı Odlar yurdu unversedin 3cü kur tələbəsdir ikinci simesdırın pulunu ödəməmşiy imkanınız yoxdur xayiş edirəm sizdən qızıma köməhliy edəsiz kampitor mühəndisliyini oxuyur sabunku qəsəbəsində çirayə qalırıq imkansız bir vəziyədəyik banclara borcum var yoldaşım xəsdədir işi yoxdur artıq dərəcəsində xayiş edirəm Narglə balama köməyliy edəsiz

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər