Müharibənin bitdiyini elan edən ABŞ Prezidenti Donald Tramp indi də Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacaq.
Bakupost.az xəbər verir ki, Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun mayın 4-də başlayacağını bildirib.
Amerika lideri, həmçinin qeyd edib ki, bu humanitar prosesə hər hansı müdaxilə olarsa, güc tətbiq edəcək.
Politoloq Taleh Əliyev Bakupost.az-a bildirib ki, ABŞ-nin İranla bağlı fərqli planları var:
“ABŞ ilə İran azrasında aprelin 8-də əldə olunan atəşkəsdən sonra İslamabadda keçirilən uğursuz danışıqlar fonunda Vaşinqtonun birtərəfli qaydada atəşkəsi uzatması onun proseslə bağlı fərqli planlar qurduğunun göstəricisidir. ABŞ regiona yeni canlı qüvvə və hərbi arsenal daşımaqla məşğuldur. Belə bir aktivlik varsa, onun sonradan hərbi fazaya keçəcəyi ehtimalı da böyükdür”.
İrana gəldikdə, həmsöhbətimiz hesab edir ki, atəşkəs bu ölkədə elita daxili mübarizəni daha da kəskinləşdirib:
“İran da atəşkəs dövründən faydalanmağa çalışır. Həm dağılmış ordu birliklərini yenidən komplekləşdirir, həm də iqtisadiyyatını mümkün qədər toparlamaqla məşğuldur. Amma atəşkəs müddətinin uzadılmasının İran üçün ciddi fəsadları da ortaya çıxıb. İranda elita daxili mübarizə yenidən kəskinləşib. Habelə Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması səbəbindən İran neftinin saxlanması üçün limit də dolub”.
Ekspertin sözlərinə görə, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin toplantısından sonra İranla ABŞ arasında hərbi əməliyyatlar yenidən alovlana bilər:
"Mənasız danışıqların uzadılması ABŞ-nin fərqli planlarının olduğu qənaətinə gəlməyə əsas verir. Belə planlardan biri heç şübhəsiz bu gün Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı ilə bağlıdır. Bu yüksək səviyyəli görüş üçün mümkün qədər təhlükəsizlik şəraiti yaratmağa çalışırlar. Bu tədbir başa çatan kimi İranla ABŞ arasında hərbi əməliyyatlar yenidən aktiv fazaya keçə bilər. Uzun müddətli atəşkəsdən söhbət gedə bilməz. Çünki belə bir durum Amerikanın plan və maraqlarına uyğun deyil”.
Rüfət Sultan, BakuPost