ABŞ-ın İrana qarşı quru əməliyyata başlayacağı barədə iddialar son günlər geniş yayılıb.
Bakupost.az xəbər verir ki, bu fonda belə bir əməliyyatın ABŞ ordusunu yenidən keçən əsrin 60–70-ci illərində olduğu kimi “Vyetnam bataqlığı”na sürükləyə biləcəyi iddia olunur.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ABŞ-ın İrana qarşı quru əməliyyatına başlaması halında “Vyetnam sindromu”nun təkrarlanması istisna deyil:
“ABŞ İranda quru əməliyyatı keçirməyə hazır vəziyyətdədir, bu, sadəcə zaman məsələsidir. Amma məsələ ondadır ki, Trampda müəyyən qorxu hissi var. Müharibədə hər şey mümkündür və nəticənin necə olacağını heç kim dəqiq deyə bilməz”.
Ekspertin sözlərinə görə, məhz Vyetnam təcrübəsi ABŞ rəhbərliyini ehtiyatlı davranmağa məcbur edir:
“Tramp başa düşür ki, İran ərazisinə qoşun yeridilməsi Amerika hərbçiləri üçün ağır nəticələr doğura bilər. Böyük itkilər aralıq seçkilər ərəfəsində həm onun özünə, həm də partiyasının nüfuzuna ciddi zərbə vuracaq. ABŞ generalları da bu risklərin fərqindədir. Ona görə də hələlik belə bir addım atılmır”.
Politoloq Natiq Miri isə fərqli mövqe sərgiləyərək hesab edir ki, ABŞ prezidenti İranda uzunmüddətli quru əməliyyatına yol verməyəcək.
Onun fikrincə, bu kontekstdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin açıqlamaları ciddi qəbul olunmamalıdır:
“Bu, yersiz açıqlamadır. Medvedyev ABŞ-ın konkret hansı hədəflərinin olduğunu və hansı istiqamətdə quru əməliyyatları planlaşdırdığını bilmir. ABŞ prezidenti uzunmüddətli müharibə bataqlığına düşmək siyasətinə üstünlük vermir və verməyəcək”.
Politoloqun sözlərinə görə, Tramp istənilən an İran üzərində “qələbə” elan edərək münaqişəni bitirə bilər:
“Tramp Vyetnamdakı kimi uzunmüddətli quru əməliyyatına cəlb olunmayacaq”.
N. Miri hesab edir ki, bu istiqamətdə yayılan məlumatlar daha çox dezinformasiya xarakteri daşıyır:
“İnformasiya məkanında ciddi dezinformasiya var və bunu idarə edən əsasən ABŞ-ın kəşfiyyat strukturlarıdır. Məqsəd qeyri-müəyyənlik yaratmaqdır”.
Həmsöhbətimizin fikrincə, İran mümkün quru əməliyyatlarının hansı istiqamətdə başlaya biləcəyini dəqiq bilmir:
“Hərbi əməliyyatlar Hörmüz boğazı, Xark adası və ya İsfahan istiqamətində yerləşən nüvə obyektlərinə qarşı lokal xarakter daşıya bilər. Vaşinqtonun hansı istiqamətə üstünlük verəcəyi isə hələlik bəlli deyil. Bu səbəbdən də dezinformasiya yayılaraq İran rəhbərliyi çaşdırılmağa çalışılır”.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev də Yaxın Şərqdəki gərginliyə toxunaraq ABŞ-ın İranda quru əməliyyatının Vyetnam münaqişəsindəki ssenarini təkrarlaya biləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ üçün bu qədər uzaq ərazidə quru əməliyyatına başlamaq Vyetnamda yaşananlarla oxşar nəticələr doğura bilər.
Xatırladaq ki, keçən əsrin 60–70-ci illərində ABŞ-ın Vyetnama müdaxiləsi ağır itkilərlə nəticələnmiş və ölkə üçün uğursuz sonluqla yadda qalmışdı.
Rüfət Sultan, Bakupost.az