ABŞ ordusu qitələrarası ballistik raketin (ICBM) növbəti sınağını reallaşdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Air Force Global Strike Command” tərəfindən yayılan rəsmi açıqlamada bildirilib.
Məlumata görə, “Minuteman III” tipli raket “Vandenberg Space Force Base” bazasından buraxılıb. ABŞ Hərbi Hava Qüvvələrinin Zərbə Komandanlığı bəyan edib ki, buraxılış planlaşdırılmış sınaq xarakteri daşıyıb və hazırkı beynəlxalq hadisələrlə əlaqəli deyil.
Açıqlamada vurğulanır ki, raket nüvə başlığı daşımayıb və sınaq ABŞ-ın strateji çəkindiricilik potensialının etibarlılığını və texniki sistemlərin dayanıqlığını yoxlamaq məqsədi daşıyıb. Sınaq zamanı qitələrarası ballistik raketin iki döyüş bloku minlərlə kilometr məsafə qət edərək Sakit okeanda yerləşən hədəfə çatıb.
Hədəf nöqtəsi hərbi poliqon olub. ABŞ tərəfi bildirib ki, uçuş və hədəfi vurma mərhələləri plan üzrə icra edilib və sistemlərin etibarlılığı təsdiqlənib.

Onilliklərdir quru strateji nüvə qüvvələrinin arsenalında olan “Minuteman III” ABŞ-nin əsas silahlarından biridir. Vaşinqton son illərdə bu sistemin mərhələli şəkildə yeni nəsil “Sentinel” proqramı ilə əvəzlənəcəyini açıqlasa da, hazırda “Minuteman III” arsenalın mühüm hissəsi olaraq qalır.
Bununla belə, son dövrdə qlobal təhlükəsizlik mühitində artan gərginlik fonunda belə sınaqlar beynəlxalq diqqəti cəlb edir.
Cavid, BakuPost