ABŞ senatoru Lindsi Qraham İranda davam edən kütləvi etirazlarla bağlı "Fox News" telekanalına açıqlama verib.
Bakupost.az xəbər verir ki, senator bildirib ki, ABŞ prezidenti Donald Trampın İran xalqına qarşı əvvəlki administrasiyalardan fərqli mövqe sərgiləyir.
Qraham deyib ki, Tramp Barak Obama deyil və İran xalqını tək buraxmayacaq. Senatorun sözlərinə görə, ayətullah rejimi və ona bağlı qüvvələr etirazçıları öldürməyə davam edərsə, bunun ağır nəticələri olacaq: “Əgər İran hakimiyyəti zorakılığı davam etdirsə, özlərini ölü hesab etməlidirlər”.
Qraham xatırladıb ki, Donald Tramp yaxın vaxtlarda molla rejiminə açıq xəbərdarlıq edib. Tramp bildirib ki, əgər İran təhlükəsizlik qüvvələri etirazçılara atəş açarsa, ABŞ İran xalqını qorumaq üçün müdaxilə edə bilər.
***
ABŞ Dövlət Departamenti İranda davam edən etirazlarla bağlı açıqlama yayıb. Departamentin “X” hesabındakı paylaşımında bildirilib ki, zorakılıq və həbslərə baxmayaraq, iranlılar etirazlarını cəsarətlə davam etdirirlər.
Açıqlamada qeyd olunub ki, etirazların başlamasından on gün keçməsinə baxmayaraq, ölkə daxilində insanlar küçələrə çıxmaqda davam edir. Məlumata görə, indiyədək azı 29 nəfər həyatını itirib, 1200-dən çox insan isə saxlanılıb.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, etiraz hərəkatı bazarlarda, məhəllələrdə və universitetlərdə davam edir. Bəyanatda iranlıların təhdidlərə və sərt cəzalara rəğmən ədalət və azadlıq tələbi ilə geri çəkilmədiyi qeyd olunub.
Departament etirazçıların cəsarətini və qətiyyətini yüksək qiymətləndirərək bunun ədalətin sonda qalib gələcəyinə ümid verdiyini bildirib.
Cavid, BakuPost