Ru
11:25 / 25 Dekabr 2025

Almaniyada ağır qəza törədən azərbaycanlının adı məlum oldu

Almaniyada ağır qəza törədən azərbaycanlının adı məlum oldu
Eye

Xəbər verdiyimiz kimi, 32 yaşlı azərbaycanlının Almaniyanın Gissen şəhərində avtomobillə törətdiyi ağır qəza ilə bağlı istintaq davam edir. Hadisə zamanı “Audi” markalı avtomobilin sürücüsü əvvəlcə qarşı zolağa çıxaraq park edilmiş avtomobilə çırpılıb, nəticədə avtomobil avtobus dayanacağı istiqamətinə sürüklənib.

Bakupost.az xəbər verir ki, daha sonra sürücü avtomobili səkidə hərəkət etdirərək bir neçə piyadanı vurub. Milad yarmarkası yaxınlığında baş verən hadisə nəticəsində 64 yaşlı qadın ağır, daha 6 nəfər isə yüngül xəsarət alıb. Sürücü hadisə yerində saxlanılıb.

Prokurorluq Azərbaycan vətəndaşı Asim B.-yə qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq aparır. Rəsmi açıqlamalara görə, hadisənin qəsdən törədildiyi ehtimal edilir. Eyni zamanda, istintaq orqanları sürücüdə “kəskin psixoz” əlamətlərinin ola biləcəyini bildirir və bu səbəbdən onun psixi vəziyyəti ilə bağlı ekspertiza təyin olunub. Polis və prokurorluğun yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən sürücünün psixi xəstəlikdən əziyyət çəkməsi ehtimalı əsas versiya kimi araşdırılır. O, saxlanıldıqdan sonra məntiqsiz ifadələr verib, bu səbəbdən hadisənin motivləri hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı rəsmi mövqelər arasında ziddiyyət də yaranıb. Hessen vilayətinin daxili işlər naziri Roman Pozek sürücünün insanlara qəsdən xəsarət yetirmək niyyətində olmadığını irəli sürsə də, prokurorluq məhz qəsdən hərəkət ehtimalını əsas götürərək istintaqı daha ağır maddə üzrə aparır. Bu fərqli yanaşma icraedici hakimiyyətlə istintaq orqanlarının hadisəyə verdiyi hüquqi-siyasi qiymətləndirmənin üst-üstə düşmədiyini göstərir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar