“Paşinyan anlayır ki, bu gün kilsə onun yeganə ciddi opponentidir və kilsəyə rəhbərlik edən katolikos ona sadiq deyil. Katolikos, demək olar ki, keçmiş hakimiyyətin maraqlarını təmsil edən son şəxsdir”.
Bakupost.az xəbər verir ki, bunu Cənubi Qafqaz ölkələri üzrə Strateji Tədqiqatlar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Bakı” portalına verdiyi müsahibədə deyib. O bildirib ki, Paşinyanın məqsədi kilsənin başına özünə sadiq katolikos gətirməkdir:
“Bütün bu kilsə qalmaqalları təsadüfi deyil. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və seçkilərdən sonra baş nazir postunu kimin tutacağı müəyyən olunacaq. Paşinyan bu prosesdə öz məğlubiyyətini istisna etmək istəyir. Hakimiyyətdə olduğu illər ərzində o, bu tipli gedişlərlə məqsədinə çata bilib.
Nə baş verəcəyini dəqiq söyləmək çətindir, amma böyük ehtimalla Paşinyan bu dəfə də “sudan quru çıxmağı” bacaracaq və katolikosun vəzifədən uzaqlaşdırılmasına nail olacaq. Hətta bu məqsədlə daha böyük qalmaqallara səbəb ola biləcək təxribatlara da əl ata bilər. Artıq aydın görünür ki, kilsə ilə bağlı bu qədər qalmaqala baxmayaraq, əhali genişmiqyaslı etiraz aksiyaları keçirmir, katolikosu müdafiə etmir. Bu isə onu göstərir ki, xalq artıq yorulub və sadəcə sakit həyat istəyir.
Erməni Apostol Kilsəsi ermənilər üçün çox güclü, tarixi və mənəvi dayaqlardan biridir. O həm də diaspor tərəfindən dəstəklənən bir strukturdur. Paşinyanın bu quruma qarşı çıxışı çox ciddi və riskli addımdır. Bu qədər riskə gedibsə, deməli arxasında hansısa ciddi qüvvə durur. Bu qüvvə Qərbdir”.
Aysel,
BakuPost