Dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə də tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 70 yaşlı Norman hazırda Amerikada yaşayır. Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”) kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin “Perfect 10″ adlı erotik jurnal da nəşr etdirib.
Jurnalist Hafiz Əhmədov məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə ilə həmsöhbət olub.
HafizTimes.com Norman Zadənin atası ilə bağlı xatirələrini təqdim edir:
– Kollecdə təhsil alan zaman Eynşteynin nisbilik nəzəriyyəsini başa düşmədim. Nisbilik nəzəriyyəsi proqnozlaşdırır ki, yer üzündə əkiz qardaşlar varsa və biri işıq sürəti ilə havaya qalxıb geri qayıtsa, o, əkizindən daha gənc olacaq. Nə?! Nisbilik nəzəriyyəsi ilə bağlı qarşılaşdığım digər problem iki insanın arxa-arxaya getdiyi vəziyyətlə bağlıdır. Biri Qərbə işıq saçır, digəri Şərqə işıq saçır. (Bu mənim düşündüyüm bir nümunədir – əminəm ki, başqalarında da var.) Əgər Qərbə gedən işıq işıq sürəti ilə, Şərqə gedən işıq da işıq sürəti ilə gedirsə, o zaman işıq hissəcikləri, bir-birinə nisbətən işıq sürətindən iki dəfə çox sürətlə səyahət edirlər. Şübhəsiz ki, onlar arasındakı məsafə, Qərbə baxan insanın əl fənəri ilə yaratdığı işıq zərrəcikləri arasındakı məsafədən iki qat sürətlə genişlənir.
Bir gün sinifdə köməkçi müəllimimiz ev tapşırığı məsələlərini nəzərdən keçirirdi. Mən müəyyən bir problemi necə həll etdiyimi izah etdikdən sonra hamı nisbilik nəzəriyyəsini başa düşdü. Asan başa düşülən izahıma görə müəllimimiz və digər tələbələr məni təbrik etdilər. Növbəti dərsədəki müəllim isə izahatımın tamamilə səhv olduğunu bildirdi. Bu nisbilik nəzəriyyəsi idi! Bunun heç bir mənası yox idi. Mən də başa düşmədim ki, elektrik cərəyanı bobindən (sarğı) keçəndə niyə maqnit sahəsi yaratdı.
Mən, həmçinin Böyük Partlayış (Big Bang) nəzəriyyəsini də cəfəngiyat hesab etdim, guya ki, başlanğıc idi. Mənə görə, heç bir başlanğıc olmayıb və heç vaxt da son olmayacaq. Başlanğıc olaraq qeyd olunan hər hansı bir zaman nöqtəsindən öncə də bir zaman olacaq.
Əslində, atamla mən heç vaxt yaxın olmadıq. Amma onun ömrünün sonunda biz çox yaxınlaşdıq. Vəfat etmədən öncə atamı bir neçə dəfə sorğu-sual etdim. Onun fikirləri, həyatı haqqında daha çox öyrənmək istədim. 2016-cı ildə, atamın ölümündən bir il əvvəl mən Lütfidən nisbilik nəzəriyyəsini başa düşüb-düşmədiyini və ya elektrik cərəyanı bobindən keçəndə niyə maqnit sahəsinin yarandığını soruşdum. Onun cavabları təəccübləndirici idi. O, maqnit sahəsinin niyə yarandığını heç vaxt başa düşmədiyini söylədi – o, sadəcə idarəedici tənliklərin nə olduğunu bilirdi və lazım olduqda onlardan istifadə edirdi. O, nisbilik nəzəriyyəsində məndən daha irəli getdi. Nəinki bunu başa düşmədi, bəlkə də təkzib olunmasını irəli sürdü. Göründüyü kimi, kainatın işıq sürətindən daha sürətli genişlənməsinə dair sübutlar var.
Atam mənə dedi ki, tanıdığı ən parlaq riyaziyyatçılar Kolmoqorov, Pontryagin və Klod Şennondur. O, həmçinin Herb Robbinsi də yüksək qiymətləndirirdi. Atamın hörmət etdiyi digər riyaziyyatçılar Con Fon Neuman, Faraday və Maksvell idi. Atam Allan Turing, Steve Jobs, Bernard Li, Donald Knuth və Douglas Engelbart haqqında çox düşünürdü. O, Manual Blumu “müqəddəs”, Erni Kuh isə “böyük insan” kimi təsvir etdi. Atamın sevimli amerikalı siyasətçisi isə Con Kerri idi. O, Duayt Eyzenhauerə (Kolumbiya Universitetinin keçmiş prezidenti) hörmət edirdi və onu böyük amerikalı hesab edirdi.
Qeyri-Səlis Çoxluqlar və Qeyri-Səlis Məntiq
– 1965-ci ildə atam beynəlxalq diqqət qazanan qeyri-səlis çoxluqlar anlayışını yaratdı. Bu anlayış sonradan qeyri-səlis məntiqin əsasını təşkil etdi. Atam bu sahənin yaradıcısı kimi qəbul olunur.
O, bir neçə riyaziyyat jurnalının redaktoru olduğuna görə, qeyri-səlis mövzularla bağlı saysız-hesabsız elmi məqalələr alırdı. Həmin vaxt artıq atam mənim riyazi qabiliyyətim barədə fikrini dəyişmişdi. O, 15 yaşlı mənə bəzi qeyri-səlis çoxluqlar mövzusunda yazılmış məqalələri rəy vermək üçün təqdim etdi ki, onların nəşrə layiq olub-olmadığını müəyyənləşdirim. Yəqin ki, bu məqalələri qiymətləndirən başqa rəyçilər də var idi.
Qeyri-səlis çoxluqların və qeyri-səlis məntiqin əsas ideyası ondan ibarətdir ki, şeylər həmişə yalnız qara və ya ağ olmur. Onlar çox vaxt bozun müxtəlif çalarları şəklində mövcud olur.
Adi (klassik) çoxluğun təsviri dəqiq olur. Məsələn, 1, 2, 3 və 4 ədədlərindən ibarət çoxluq kimi. Lakin qeyri-səlis çoxluğun təsviri dəqiq deyil, qeyri-müəyyəndir. Qeyri-səlis çoxluğa nümunə kimi böyük ədədlər çoxluğunu göstərmək olar.
Belə qeyri-müəyyənliyi nəzərə almaq üçün atam üzvlük funksiyası (membership function) anlayışını yaratdı. Üzvlük funksiyası çoxluğun hər bir mümkün elementinə 0 ilə 1 arasında bir qiymət təyin edir.
Fərqli insanlar üçün üzvlük funksiyaları fərqli ola bilər, lakin adətən onlar bir-birinə yaxın olur. Məsələn, bir nəfər 1000 ədədini “böyük ədəd” hesab edərək ona 1 qiyməti verə bilər, başqa biri isə həmin ədədə 0.95 qiyməti təyin edə bilər.
Atamın yeni ideyasının ya böyük rəğbətlə qarşılanması, ya da kəskin tənqid olunması çox çəkmədi. Ən çox səslənən tənqidlərdən biri belə idi ki, 0 ilə 1 arasında qiymətlər alan üzvlük funksiyası ehtimal ölçüsünə bənzəyir. Halbuki ehtimal ölçüsü hər hansı hadisənin baş vermə ehtimalını ölçür və onun qiymətləri də 0 ilə 1 arasında olur.
Bu anlayışlar bir-birinə bənzəsə də, eyni deyil. Ehtimal hər hansı bir hadisənin baş vermə şansı ilə bağlıdır. Bir insanın “böyük ədədlər” barədə üzvlük funksiyası isə onun hansı ədədi böyük hesab etməsi ilə bağlı şəxsi qiymətləndirməsini və ya fikrini ifadə edir.
İllər keçdikcə qeyri-səlis çoxluqlar və sonradan qeyri-səlis məntiq saysız-hesabsız sahələrdə tətbiq olunaraq müxtəlif sistemlərin daha səmərəli işləməsinə kömək edib. Məsələn, qeyri-səlis məntiq metro sistemlərində, paltaryuyan maşınlarda, əl video kameralarında və mikrodalğalı sobalarda istifadə olunub.
Bu sahədə minlərlə elmi məqalə yazılıb. Google Scholar məlumatına görə, 2019-cu ilin oktyabr ayına qədər atamın elmi işlərinə akademik ədəbiyyatda 230 mindən çox istinad verilib. Onun 1965-ci ildə nəşr olunan “Fuzzy Sets” məqaləsi isə 100 mindən artıq istinad alıb.
Keyfiyyətli düşüncəyə malik insanlar fərqli nəticələrə gələ bilərlər
– Bir axşam atam evimizdə axşam yeməyinə çox hörmətli bir neçə professoru qonaq çağırmışdı. Mən də söhbətə qoşulmağa dəvət olunmuşdum. Mən həmin vaxt SAT imtahanını yenicə vermişdim və düşündüm ki, professorlara ingilis dili bölməsindən bir sual verib onların düzgün cavabın nə olduğunu necə düşündüklərini soruşmaq maraqlı olar. Sual çoxseçimli idi və dörd mümkün cavabı vardı. Masada isə dörd professor əyləşmişdi. Hər biri fərqli bir cavab verdi! Hmm…
SAT imtahanından kifayət qədər yüksək nəticə əldə etdiyim üçün, sonuncu (yuxarı) sinifimin birinci rübündə Miramonte məktəbini tərk edərək UC Berkeley-ə daxil oldum. Həmin vaxt atam Elektrik Mühəndisliyi kafedrasında dərs deyirdi və eyni zamanda kafedranın rəhbəri idi.
“Atam Azərbaycanda dəfn olunmaq qərarına gəldi”
– Əvvəllər, atam Kaliforniyanın Berkli şəhərində, 904 Mendocinodakı evlərinin yaxınlığındakı qəbiristanlıqda dəfn olunmaq istəyirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevə olan hörmətinə, Azərbaycan xalqına olan məhəbbətinə və qismən də mənim “Perfect 10” jurnalımı məhv edən Kaliforniya ştatındakı federal hakimlərin müəllif hüquqlarına qarşı çıxardığı mənasız qərarlardan qəzəbləndiyinə görə, atam Azərbaycanda, yəni ki, doğulduğu ölkədə dəfn olunmaq qərarına gəldi. Mən də onun belə bir qərar qəbul etməsini dəstəklədim. Azərbaycan da ona böyük hörmətlə yanaşdı. Onun cənazəsi Azərbaycanın mötəbər şəxsiyyətləri üçün ayrılmış ərazidə dəfn olundu. Heykəli də ucaldıldı və bir tədqiqat mərkəzinə onun adını verdi.
Atam Azərbaycanda, Bakıda anadan olub. Mən Azərbaycan xalqına, xüsusən də Prezident İlham Əliyevə atama belə hörmət və ehtiramla yanaşdıqlarına görə təşəkkür etmək istəyirəm. Azərbaycanlılar gözəl insanlardır. Dünyanın onlar kimi insanlara daha çox ehtiyacı var.
Beverly Park
– Sonda isə qeyd etmək istəyirəm ki, 1997-ci ildə Beverly Park-da 7 akr torpaq sahəsini 3,25 milyon dollara aldım. Beverly Park-da yaşayanlar arasında Barry Bonds, Denzel Washington, Eddie Murphy, Haim Saban, Mike Medavoy, Rod Stewart, Sumner Redstone, Sylvester Stallone, Vanna White, Eddie Van Halen və Mark Wahlberg kimi tanınmış insanlar var idi. Orada İndoneziya və Səudiyyə Ərəbistanından şahzadələr də yaşayırdı. Samuel Jackson və Magic Johnson isə daha kiçik və daha əvvəl salınmış South Beverly Park-da yaşayırdılar. Orada yəqin ki, ən kasıb insan mən idim.
Mən tikinti işləri üçün John Finton ilə işlədim. O, mənə Sumner Redstone-un evini göstərdi və mən onu çox bəyəndim. Buna görə evimi oxşar üslubda tikdim, amma əsasən bir mərtəbəli — çünki dizlərimdə hələ də problem vardı. Ev sahibləri assosiasiyası mənə 8,500 kvadrat fut ölçüsündə nisbətən kiçik bir ev tikməyə icazə vermədi, iddia etdilər ki, bu, evlərin dəyərini aşağı salacaq. Xoşbəxtlikdən, bu fikirlərindən daşındılar. Nəticədə ev ağ rəngdə, mavi tonlu pəncərələrlə oldu. 2000-ci ilin noyabrında evi tikib bitirdikdən qısa müddət sonra yanındakı boş sahəni almağa çalışdım. Tam qiymət olan 3,5 milyon dollar təklif etdim, amma başqa biri daha yaxşı şərtlər irəli sürdü. O sahəni sonradan Mark Wahlberg aldı və orada möhtəşəm bir ev tikdi.

Mənim evimi o dövrdə məşhur, indi isə daha da məşhur olan Richard Landry dizayn etmişdi. Ev “Robb Report” jurnalının üz qabığında yer aldı. Richard Landry özünün ən sevdiyi layihələrini topladığı kitabını yazanda mənim evimi, Hollivud nəhəngi Frank Mancuso üçün dizayn etdiyi evlə birlikdə üz qabığına qoydu.
Ev əvvəlcə 15,000 kvadrat fut idi. 2006-cı ildə işlərim yaxşı gedirdi — il ərzində 6 milyon dollar qazanc — və evə 5,000 kvadrat fut əlavə etməyə qərar verdim; bunun üçün 3 milyon dollar xərclədim. Bu, səhv qərar oldu, çünki həmin il 6 milyon dolların hamısını itirdim. Nəhayət, evi 2010-cu ildə 16,5 milyon dollara satdım və əmlakdan demək olar ki, heç bir qazanc əldə etmədim.
20,000 kvadrat futluq bir evdə yaşamağın həyəcanı haqqında nə deyə bilərəm? Çox da bir şey yox. Sizi ziyarət edən insanların əksəriyyəti qibtə edir və uğursuz olmağınızı istəyir. Hər şey hədsiz dərəcədə bahalıdır. Düşünürəm ki, ən xoşbəxt günlərim Beverly Hills-də 1131 Shadow Hill Way ünvanında yaşadığım vaxtlar idi. O ev daha kiçik idi, təxminən 3,500 kvadrat fut və bu, tamamilə kifayət idi.
Bundan öyrəndiyim dərs budur: nə qədər uğurlu olsanız və sərvətinizi nə qədər çox nümayiş etdirsəniz, bir o qədər çox insan sizə nifrət edəcək. İndi isə iki otaqlı mənzildə qalıram. Siz “Rolls Royce” addım ata bilərsiniz, insanların sizin sərvətinizə, zəkanıza heyran olduqlarını təsəvvür edə bilərsiniz. Amma yox, çox güman ki, onlar paxıllıq edəcəklər. Sadəcə olaraq, insanları aldatdığınızdan şübhələnəcəklər. Mən sərvət nümayiş etdirməyin əks effekt verdiyini gördüm. İnsanlara, xüsusən də dəyər verdiyiniz insanlara kömək etmək sizə sevinc bəxş edəcək, sizi xoşbəxt edəcək və onları da. Bunu edin!