Ru
14:34 / 07 Sentyabr 2026

Xırdabuynuzlu heyvan sahiblərinə pul veriləcək: Kimlər nə qədər alacaq?

Xırdabuynuzlu heyvan sahiblərinə pul veriləcək:  Kimlər nə qədər alacaq?
Eye

Aqrar Subsidiya Şurasının qərarına əsasən Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək.

“Bakupost” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 və ya daha artıq xırdabuynuzlu heyvan sahiblərinə hər heyvana görə 4 manat subsidiya veriləcək.

Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlaqlardakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, bu subsidiyanın müəyyən mənada faydası ola bilər. Amma onun xırdabuynuzlu heyvandarlığın inkişafına ciddi təsir göstərməsi üçün 4 manatlıq ödənişin özündən daha çox, subsidiyanın hansı şərtlərlə və necə tətbiq olunması həlledici olacaq:



“Burada əsas məqsəd sadəcə qoyun və keçi sayını artırmaq deyil, örüş və otlaqların məhsuldarlığını yüksəltmək, yem bazasını yaxşılaşdırmaq və torpaqların deqradasiyasının qarşısını almaqdır”.

Ayrılacaq vəsaitə gəldikdə, müsahibimiz böyük təsərrüfatların yem, baytarlıq, əmək, su, daşınma və digər xərclərini nəzərə alsaq, bu vəsait təsərrüfatın ümumi xərcinin çox kiçik hissəsini qarşılayacaq:

“500 və daha çox xırdabuynuzlu heyvanı olan, ən azı 100 hektar örüş və ya otlaqdan istifadə edən təsərrüfata heyvan başına 4 manat verilməsi böyük məbləğ deyil. 500 baş heyvanı olan təsərrüfat üçün bu, illik 2 min manat deməkdir”.

Bu səbəbdən ekspert hesab edir ki, veriləcək subsidiyanı heyvandarlığın maliyyələşdirilməsi kimi yox, örüşlərin yaxşılaşdırılmasına verilən stimullaşdırıcı ödəniş kimi qiymətləndirmək daha doğru olardı.

Addımın müsbət tərəfi isə mərkəz sədrinin fikrincə, subsidiyanın birbaşa torpağın vəziyyətinin yaxşılaşdırılması şərtinə bağlı olması ilə əlaqədardır:

“Çünki Azərbaycanda örüş və otlaqların həddindən artıq otarılması, bitki örtüyünün zəifləməsi və torpaqların deqradasiyası heyvandarlığın gələcək inkişafı üçün ciddi problemdir”.

A.Nəsirli düşünür ki, burada əsas risk nəzarətin formal xarakter almasıdır:

“EKTİS, peyk görüntüləri və süni intellekt vasitəsilə monitorinq müasir və düzgün yanaşmadır. Amma sistem yalnız ərazinin yaşıl olub-olmadığını və ya bitki örtüyünün dəyişməsini müəyyən etməklə kifayətlənməməlidir. Əsas sual subsidiyadan sonra həmin otlaqda yem istehsalının həqiqətən artması, torpağın münbitliyinin yaxşılaşması, bitki müxtəlifliyinin bərpa olunması məsələsidir”.
Həmsöhbətimiz qeyd edir ki, kiçik fermerlərin proqramdan kənarda qalması müəyyən sosial və iqtisadi narazılıq yarada bilər:
“100 hektar və 500 baş həddinin qoyulması düzgün yanaşma deyil. Bu şərtlər daha çox iri təsərrüfatları əhatə edir. Halbuki xırdabuynuzlu heyvandarlıqla məşğul olan çoxlu sayda kiçik fermerlər də mövcuddur. Onların bu proqramdan kənarda qalması müəyyən sosial və iqtisadi narazılıq yarada bilər. Əgər məqsəd ümumilikdə örüşlərin qorunması və xırdabuynuzlu heyvandarlığın inkişafıdırsa, gələcəkdə kiçik və orta təsərrüfatların da müəyyən şərtlərlə sistemə cəlb edilməsi daha düzgün olar”.

Bir başqa problem isə ekspertə görə, heyvan sayının özü ilə bağlıdır:

“Əgər subsidiya hər qeydiyyatda olan heyvana görə verilirsə, fermerdə heyvan sayını süni şəkildə artırmaq və ya qeydiyyatda saxlamaq marağı yarana bilər. Buna görə EKTİS-də qeydiyyatın faktiki heyvan sayı, baytarlıq məlumatları və təsərrüfatın real fəaliyyət göstəriciləri ilə mütəmadi uyğunlaşdırılması vacibdir. Əks halda subsidiya torpağın yaxşılaşdırılmasına deyil, sadəcə heyvan sayının rəsmiləşdirilməsinə xidmət edə bilər. Əslində isə xırdabuynuzlu heyvandarlığın əsas problemi təkcə yem bazasının zəif olması deyil. Yem və örüş problemi ilə yanaşı, heyvanların cins tərkibi, məhsuldarlığın aşağı olması, baytarlıq xidmətləri, xəstəliklər, su təminatı, damazlıq işi, ət və süd məhsullarının satış qiyməti, kəsim və emal infrastrukturu da təsərrüfatların gəlirliliyinə təsir edir. Buna görə 4 manatlıq subsidiya bu problemlərin heç birini təkbaşına həll edə bilməz”.

İqtisadçı hesab edir ki, mexanizm düzgün icra olunarsa, onun prosesə dolayı təsiri əhəmiyyətli ola bilər:

“Sağlam və məhsuldar örüş daha çox və keyfiyyətli yem deməkdir. Bu isə fermerin əlavə yem almaq xərclərini azalda, heyvanların çəkisini və məhsuldarlığını artıra bilər. Uzun müddətdə bu, ət istehsalının maya dəyərinin aşağı düşməsinə və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edə bilər. Bu qərarın uğuru 4 manatın nə qədər böyük və ya kiçik olmasından çox, dövlətin həmin pulun qarşılığında real nəticə tələb etməsindən asılı olacaq. Fermerə hər heyvana görə pul verməklə kifayətlənmək əvəzinə, örüşün məhsuldarlığının artmasına, torpağın bərpasına və heyvandarlığın səmərəliliyinə görə nəticə əsaslı yanaşma tətbiq edilməlidir. Əgər monitorinq real aparılacaq və subsidiya həqiqətən örüşlərin yaxşılaşdırılmasına yönəldiləcəksə, bu mexanizm faydalı ola bilər. Yox əgər əsas göstərici sadəcə “neçə heyvan qeydiyyatdadır” olacaqsa, dövlət vəsaiti xərclənsə də, sahənin fundamental problemləri böyük ehtimalla həll olunmamış qalacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar