Bir qrup vətəndaş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksində üzləşdikləri ciddi problemlərlə bağlı MTK-nın ofisi qarşısında etiraz ediblər. Mənzil alan vətəndaşların əsas narazılığı kompleksdən ev alan təxminən 400 sakinin mənzil alışı zamanı ödənilmiş ƏDV məbləğini geri ala bilməməsidir.
Onların sözlərinə görə, “Avant Park” şirkəti satış zamanı ƏDV ödənişlərini alıcıların adı ilə deyil, öz adı ilə rəsmiləşdirdiyinə görə vergi sistemində hər bir sakin üçün ayrıca depozit hesabı yaranmayıb. ƏDV-nin geri qaytarılması məhz həmin elektron depozit hesabları üzərindən aparıldığından, alıcının adına hesab görünmədiyi üçün ödənilmiş ƏDV-nin qaytarılması texniki olaraq mümkün olmur. Sakinlər bildirirlər ki, əgər ödənişlər onların adı ilə rəsmiləşdirilsəydi, depozit hesabı avtomatik açılacaq və ƏDV məbləğləri problemsiz geri qaytarılacaqdı.
“Avant Park” MTK yüzlərlə alıcının hüquqlarını pozub
Burada danışılan məsələ təkcə bir MTK-nın məsuliyyətsizliyi deyil, yüzlərlə vətəndaşın hüququnun sistemli şəkildə pozulmasıdır. “Avant Park” MTK-dan mənzil alan 400-dən çox ailə hazırda eyni problemə – geri qaytarılmalı olan ƏDV-ni ala bilməmək kabusuna düşüb. İnsanlar ömür boyu topladıqları vəsaiti ev almağa yönəldiblər, amma nəticədə həm MTK-nın davranışı, həm də vergi qurumlarının susqunluğu ilə üz-üzə qalıblar.
Sakinlərin sözlərinə görə, MTK ödəniş zamanı vətəndaşlara heç bir izahat verməyib: nə birdəfəlik ödənişdə, nə də aylıq ödənişlərdə onlara ƏDV hissəsinin ayrıca hesablanmalı və ayrıca ödənilməli olduğu bildirilməyib. İnsanlar təbii olaraq düşünür ki, ödənişi tam edirsə, problem də olmamalıdır. Amma sonradan məlum olur ki, MTK həmin məbləğin ƏDV hissəsini alıcıdan alıb, lakin onu öz hesabına yönəldib. Bu isə qanunla nəzərdə tutulmuş ƏDV geri qaytarılması mexanizmini faktiki olaraq bloklayır.
Vətəndaşların narazılığı təkcə MTK-ya yönəlmir. Vergi qurumlarının illərdir paylaşdığı maarifləndirici videolarda bu xüsusilə vacib məsələ olan ƏDV-nin mütləq şəkildə satıcının ƏDV depozit hesabına ödənilməli olması izah edilmir. Nəticədə yüzlərlə alıcı məlumatsız şəkildə prosesdən kənarda qalır və həm MTK, həm də vergi sistemi məsuliyyətdən yayınmış olur.
Hazırda ödənişlərini tam edən sakinlər ƏDV geri qaytarılması üçün müraciət etdikdə imtina cavabı alırlar. Vergi orqanlarının təklif etdiyi “həll yolu” isə real həyatda mümkün görünmür: guya MTK alıcıya əvvəl ödənilmiş məbləğin ƏDV hissəsini geri qaytarmalı, alıcı həmin məbləği yenidən ƏDV hesabına köçürməli, daha sonra proses davam etməlidir. “Avant Park” MTK-nın bu addımı atmağa razı olmayacağı isə hamıya bəllidir.
“Avant Park” dezinformasiya yayır…
“Avant Park”dan verilən rəsmi açıqlamada bildirilib ki, problem mənzil almış sakinlərlə vergi orqanı arasında yaranmış prosedur məsələsindən qaynaqlanır. Şirkətin məlumatına görə, ƏDV-nin tətbiq edildiyi dövr - 2022-ci ildə mənzil alan bəzi sakinlər çətinliklərlə üzləşiblər. Lakin həmin tarixdən sonra mənzil alan vətəndaşların ƏDV məbləğlərini problemsiz şəkildə geri aldıqları qeyd olunur. Şirkət əlavə edib ki, bir sıra sakinlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər və şirkət olaraq onlara sənədlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənməsi üçün dəstək göstərilir. Mənzil sahibləri ilə mütəmadi görüşlərin keçirildiyi, son görüşün isə 17 noyabr tarixində baş tutduğu bildirilib. Hər gün beş nəfər mənzil sahibinin ofisə dəvət olunduğu, onlara tələb olunan sənədlərin təqdim edildiyi və dekabr ayının sonuna qədər bütün sakinlərin növbə ilə qəbul ediləcəyi açıqlanıb.

Qeyd olunur ki, ƏDV-ni qaytaran qurum mənzil satan şirkət deyil, vergi orqanıdır. “Avant Park” rəhbərliyi prosesin daha operativ və şəffaf həll olunması üçün üzərlərinə düşən bütün addımları atdıqlarını vurğulayıb.
Sakinlər isə bu açıqlamanı qəti şəkildə təkzib ediblər. Onların sözlərinə görə, şirkətin “hər gün beş sakinin qəbul edilməsi” barədə iddiası həqiqəti əks etdirmir. Sakinlər bildiriblər ki, iki ilə yaxındır müxtəlif bəhanələrlə onları get-gələ salmaqdan başqa heç bir real addım atılmayıb. Onlar hesab edirlər ki, məsələni vergi orqanlarının üzərinə atmaqla “Avant Park” rəhbərliyi öz məsuliyyətindən yayınmağa çalışır.
MTK-nın etiraz edən sakinlərə verdiyi cavablar da prosesin qeyri-şəffaflığını təsdiqləyir. Bildirilir ki, guya hər gün 5 nəfər qəbul edilir, sənədlər qaydaya salınır və məhkəmə üçün müraciət hazırlanır. Lakin sakinlərin dediyinə görə, onlarla alıcı ilə danışılıb və bu xidmətlərdən heç kim faydalana bilməyib. Bu, zaman qazanmaq və prosesin uzadılması üçün qurulmuş mexanizm təəssüratı yaradır.
ƏDV probleminin mahiyyəti “Avant Park” rəhbərliyinə çatmayıb?
Dövlətin qaydaları çox aydın və sadədərir. Prezidentin 25 may 2022-ci il tarixli Fərmanında deyilir:
- ƏDV yalnız nağdsız qaydada ödənilmiş və satıcının bank hesabı ilə yanaşı onun ƏDV depozit hesabına köçürülmüş hissədən qaytarılır.
- Alıcı ödənişi tamamladıqdan sonra 90 gün ərzində portala müraciət etməli və sənədləri təqdim etməlidir.
- Sənədlər düzgün olduqda 30 iş günü ərzində ƏDV geri qaytarılır.
- Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30%-i qədərdir.
Lakin MTK ödənişləri düzgün yönləndirmədiyi üçün alıcıların təqdim edə biləcəyi ən vacib sənəd - ƏDV-nin depozit hesabına köçürüldüyünü təsdiq edən bank sənədi mövcud olmur. Bu isə prosesin hüquqi baxımdan mümkünsüz olmasına gətirib çıxarır.
Beləliklə, vəziyyətin mahiyyəti budur:
- MTK alıcını məlumatlandırmayıb və ƏDV-ni öz hesabına hesabına köçürüb;
- Vergi orqanları bu risk barədə ictimai maarifləndirmə aparmayıb;
- Nəticədə yüzlərlə vətəndaşın qanuni hüququ olan ƏDV-nin qaytarılması real həyatda təmin edilmir.
Əlbəttə, bu yalnız maliyyə itkisi deyil, vətəndaşın hüququnun pozulması və etimadın sarsılması deməkdir. Sakinlərin səsinin eşidilməsi bu cür halların qarşısının alınması üçün vacibdir.
“Avan Park”da digər problemlər: Yarımçıq işlər və təhlükəsizlik riski
Sakinlərin digər narazılıqları kompleksin ümumi vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, yaşayışın başlamasına baxmayaraq binalarda tamamlama işləri hələ də yekunlaşdırılmayıb.
2024-cü ilin iyun ayında tam təhvil verilməsi planlaşdırılan kompleksdə işlərin bir qismi bu gün də tamamlanmayıb. Bir çox mənzildə yaşayış başlamasına baxmayaraq binanın rəsmi təhvili gecikir. Bununla belə, aylar öncə kommunal xidmətlə bağlı müqavilə imzalanıb və sakinlərdən hər ay xidmət haqqı alınır.
Ən ciddi narazılıqlardan biri də təhlükəsizlik avadanlıqlarının tam quraşdırılmamasıdır.
Sakinlər bildirirlər ki, bloklarda yanğın zamanı istifadə olunmalı olan hidrant qutularında şlanq və digər vacib avadanlıqlar yoxdur. Bu isə fövqəladə vəziyyət zamanı operativ müdaxilə imkanlarını məhdudlaşdırır və insanların təhlükəsizliyi üçün real risk yaradır. Aidiyyəti qurumlara edilən müraciətlərin cavabsız qalması narazılığı daha da artırır.
İndi növbə dövlətin və onun hüquq sisteminidir: Ya vətəndaşın tapdalanan hüququ bərpa olunacaq, ya da tikinti maqnatlarının qurbanına çevriləcəklər.