Yaxın Şərqdə gərginliyin artması və bunun inflyasiya risklərini artıracağına dair narahatlıqlar fonunda Avropanın əsas fond birjaları səhəri enişlə açıb.
“Bakupost” xəbər verir ki, ticarətin ilk saatlarında Fransanın CAC 40 indeksi 0,50% azalaraq 8 324,73 bəndə, Almaniyanın DAX indeksi 1,13%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,75% geriləyib. EuroStoxx 50 0,19%, FTSEurofirst 300 0,29%, Stoxx Europe 600 indeksi isə 0,31% dəyər itirib.
Bazar iştirakçıları ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsini, həmçinin Hörmüz boğazında enerji daşımalarının yenidən dayandırılması ilə bağlı xəbərləri diqqətlə izləyirlər. İran İnqilab Keşikçiləri Korpusu ABŞ və müttəfiqlərinin istifadə etdiyi digər ixrac marşrutlarını da bağlaya biləcəyi ilə hədələyib.
Analitiklərin fikrincə, neft qiymətlərində müşahidə olunan artım inflyasiya ilə bağlı riskləri yenidən gündəmə gətirib. Bu isə investorların bazarlarda ehtiyatlı mövqe tutmasına səbəb olub.
Bununla yanaşı, texnologiya və lüks istehlak sektorunda müsbət dinamika qeydə alınıb. Niderlandın çip avadanlıqları istehsalçısı ASML 2026-cı il üzrə maliyyə proqnozunu yüksəltdikdən sonra şirkətin səhmləri 5,5% bahalaşıb. Richemont isə birinci rüb üzrə gözləntiləri üstələyən maliyyə nəticələrini açıqlamasından sonra 6,2% dəyər qazanıb.
Bunun fonunda Kering, Hermès və LVMH şirkətlərinin səhmlərində də 2%-dən çox artım qeydə alınıb.
Vüsalə Hüseynova,
BakuPost