Ru
14:17 / 03 Noyabr 2026

Avropa Trampa boyun əyəcək? – NATO kartı yenə ortaya atıldı

Avropa Trampa boyun əyəcək? – NATO kartı yenə ortaya atıldı
Eye

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynadakı müharibənin nizamlanması ilə bağlı Vaşinqtonun planını dəstəkləməyə məcbur etmək üçün ABŞ hərbi qüvvələrinin Avropadakı sayını azaltmaqla hədələyə bilər.

"Bakupost" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

NATO rəsmiləri hesab edirlər ki, Respublikaçıların Konqres seçkilərində mümkün məğlubiyyəti belə Tramp administrasiyasının Avropaya təzyiqlərini azaltmaya bilər. Əksinə, Demokratların prezidentin daxili siyasətlə bağlı təşəbbüslərinin qarşısını alması Trampın diqqətini xarici siyasətə yönəltməsinə və Avropa müttəfiqlərindən əlavə güzəştlər tələb etməsinə səbəb ola bilər.
Trampın hədəsi fonunda görəsən Avropa geri çəkiləcək?

Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Tramp əvvəllər də dəfələrlə Avropadan Amerika qoşunlarını çıxaracağı bəyanatlarını verib:

“Hazırda Avropadakı iştişaşların geniş vüsət almasına əsas təsir faktorlarından biri də məhz Trampın “köhnə qitə”yə münasibətdə tətbiq etdiyi təzyiq alətləridir. O, NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5 faizinə qaldırmağı tələb edib və buna nail olub. Trampın Avropaya təzyiqi, Ukraynanın kapitulyasiyasına nail olmaq üçün, ona dəstək imkanının azaldılmasına hesablanıb”.
Müsahibimiz Trampın bu təzyiqlərinin Avropaya təsir etməyəcəyi qənaətindədir:

“Çünki Ukraynaya dəstək Avropanın təhlükəsizliyi anlamına gəlir. Onlar Ukraynaya ön cəbhə kimi baxırlar. Ona görə də Kiyevə hər cür dəstək verməkdə davam edirlər”.

Bu səbəbdən müsahibimiz Trampın təzyiqlərinin Avropanı zəiflətməyəcəyi, əksinə onun səfərbər olunaraq, öz müdafiə immunitetini daha da gücləndirəcəyi qənaətindədir:

“Avropa ölkələrinin hərbi sənayesinin inkişafı istiqamətində atılan addımlar göstərir ki, “köhnə qitə” Amerikasız da keçinə biləcək. ABŞ-siz NATO variantı da müzakirə olunur. Avropa Trampın siyasətinə boyun əyməyəcək. Əksinə, maksimum şəkildə çalışacaqlar ki, Rusiyanın ambisiyalarını cilovlaya bilsinlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar