Dövlət məktəbləri üçün müəyyən edilən vahid geyim qaydaları özəl təhsil müəssisələrində də tətbiq olunacaq? Elm və təhsil nazirinin müavini Firudin Qurbanov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Özəl məktəblər isə geyim qaydalarını öz nizamnamələrinə uyğun olaraq müəyyən edə bilərlər.
F.Qurbanovun sözlərinə görə, məktəblərin dövlət və özəl əsaslarla fərqləndirilməsi valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Nazir müavini qeyd edib ki, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüquqlarının qorunması və məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir:
"Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər”.
Mövzu ilə bağlı
"Bakupost"a təhsil eksperti Elmin Nuri bildirib ki, özəl təhsil müəssisələrinin müstəqil özünüidarəetmə hüququ var və bu, beynəlxalq təcrübədə də qəbul olunmuş prinsipdir. Onun sözlərinə görə, dövlət və özəl təhsil müəssisələrinin idarəetmə mexanizmləri fərqlənir:
"Özəl məktəblər tədris proqramlarının təşkili, müstəqil qərarların qəbulu, əməkdaşların işə götürülməsi və işdən azad edilməsi, eləcə də struktur dəyişiklikləri ilə bağlı qərarları özləri verə bilərlər. Bu, həm beynəlxalq, həm də yerli təcrübədə belədir. Demək olar ki, özəl məktəblərin əksəriyyətində vahid məktəbli forması mövcuddur. Bu, uzun illərdir tətbiq edilən praktikadır. Dövlət məktəblərində vahid geyim forması nisbətən yaxın dövrdə müzakirə mövzusuna çevrildiyi halda, özəl təhsil müəssisələrində bu ənənə əvvəldən mövcud olub. Məktəblər eyni zamanda vahid geyim vasitəsilə öz brendlərini də tanıtmağa çalışırlar.
Azərbaycanda özəl məktəblərin sayı da çox deyil, cəmi 33-dür. Bəzi məktəblər yalnız bir korpusdan ibarətdir və filialları yoxdur. Özəl təhsil müəssisələrindən yalnız biri bölgədə yerləşir, qalanları isə Bakıdadır. Təəssüf ki, hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayını dəqiq deyə bilməyəcəyəm. Ancaq bu rəqəm ümumi şagird kontingentinin çox cüzi hissəsini təşkil edir.
Hər bir özəl təhsil müəssisəsinin öz nizamnaməsi var. Bu məktəblər müstəqil idarəetmə prinsipinə əsaslandığına görə, müvafiq məsələlərlə bağlı qərar vermək hüququna malikdirlər. Elm və Təhsil Nazirliyi müəyyən tövsiyələr verə bilər, lakin özəl təhsil müəssisələri sahibkarlıq subyekti kimi daxili idarəetmə məsələlərində müstəqildirlər. Digər tərəfdən, dövlət və özəl məktəblər arasında bu məsələni ziddiyyət kimi təqdim etməyin tərəfdarı deyiləm. Burada söhbət sadəcə hüquqi prosedur və idarəetmə prinsiplərinin fərqindən gedir. Məsələn, dövlət və özəl klinikalar arasında da belə fərq var. Özəl klinika konkret sahibkara məxsusdur və sahibkarlıq subyekti kimi müstəqil idarəetmə prinsipi əsasında fəaliyyət göstərir. Təhsil sahəsində də eyni yanaşma mövcuddur. Digər sahələrdə də bu prinsip tətbiq edilir.
Ona görə də burada qeyri-adi bir məqam yoxdur. Məsələni cəmiyyətdə fərqli yanaşmalar və ya dövlətlə özəl sektor arasında ziddiyyət kimi qiymətləndirmək düzgün deyil".
Lalə, BakuPost