Avtobuslarla bağlı vacib qərar - Köhnə nəqliyyat vasitələri tamamilə istismardan çıxarılacaq?
15
2026-cı ilin yanvar ayından etibarən istehsal tarixi 15 ildən artıq olan avtobuslar müntəzəm marşrut xəttində istifadə olunmayacaq.
Bakupost.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni qərar təsdiqləyib.
Qərara əsasən, müntəzəm marşrutlarda işləyəcək avtobuslara müəyyən tələblər qoyulacaq. Buna avtomobilin indiyədək olan yürüşü və istehsal tarixi, nağdsız ödəniş imkanı qurğusu, sərnişin sayma qurğusu və sair daxildir.
Ekspert Elməddin Muradlı deyib ki, avtobus parkının yenilənməsinə ciddi ehtiyac var. Lakin bu qərar köhnə avtobusların tamamilə xətdən çıxarılması demək deyil:
"Hesab edirəm ki, bunu çox qısa müddətdə icra etmək o qədər də asan olmayacaq. Məncə, bu qərar gələn ildən etibarən köhnə avtobusların dərhal xətdən çıxarılması kimi anlaşılmamalıdır".
Qeyd edək ki, yeni qərar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcı şirkətlərin qarşısına qoyulan tələbdir.