Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti olacaq.
Bakupost.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ATV-də yayımlanan “Futbolumuz” verilişində jurnalist Emin Abbasov məlumat verib.
O bildirib ki, bu barədə məlumatı Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan alıb.
C.Sultanov bu postda məhz Z.Axundovun qardaşı Ramin Axundovu əvəzləyəcək. Yaxın zamanda bu barədə rəsmi açıqlama olacağı da bildirilib.
Xatırladaq ki, Ceyhun Sultanov ötən ilin mayında “Araz-Naxçıvan”a idman direktoru təyin edilmişdi.
Qeyd edək ki, Z.Axundov Cinayət Mcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Z.Axundovun qardaşı Ramin Axundov da bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb edilib. R.Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. R.Axundovun ölkədən qaçdığı deyilir.