Türkiyənin turizm bölgələrində qiymətlər kəskin artıb. Bir neçə il əvvəl turistlər Türkiyəyə endirimli qiymətlərlə səfər edirdilərsə, indi endirimlər də sərfəli deyil. Türkiyə vətəndaşları özləri də artıq başqa ölkələrə səfər etməyi üstün tuturlar. Bunun səbəbi yalnız hotellər və çimərliklərdəki qiymətlər deyil. Ümumilikdə turizm şəhərlərində kəskin qiymət artımı müşahidə olunur. Məsələn, Bodrum Bələdiyyəsinin sədri Tamer Mandalinci bildirib ki, lüks məkanlarda lahmacunun qiyməti 2500 TL-yə (106 AZN-ə) qədər yüksəlib. Təbii ki, bundan daha aşağı qiymətə lahmacun satan restoranlar da var. Lakin bu, qiymətlərin hansı dərəcədə artdığını göstərən məqamlardan biridir.
Bakupost.az xəbər verir ki, bloqer İdris Cəfərli də Antaliya səfəri zamanı qiymət artımlarına diqqət çəkib. O bildirib ki, çimərlik, restoran və mağazalar boşdur:
“Hətta Türkiyə vətəndaşları bahalaşmaya görə Yunanıstanda istirahətə üstünlük verirlər. Ticarət obyektləri, kafe-restoranlar demək olar ki, boşdur. Bəzi ictimai-iaşə obyekti sahibləri boşluqdan kafelərinin, mağazalarının qarşısında oturub okey, nərd oynayırlar. İndi oturduğum Belek sahilində şezlonqların cəmi 10-15 faizi doludur. Lakin buna baxmayaraq, sərfəli qiymətə turlar da tapmaq olur. Demək olar ki, mənim Türkiyədə bir həftəlik istirahətim Qəbələdə 2 günlük istirahət ilə eyni qiymətədir.”
Turizm üzrə mütəxəssis
Rəhman Hacıyev Bakupost.az -a açıqlamasında bildirib ki, qiymət artımı Türkiyə iqtisadiyyatında baş verən proseslər və tələbatın yüksək olması ilə əlaqədardır:
“Təbii ki, bu il əvvəlki illərə nisbətən qiymətlərdə artım müşahidə olunur.
Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi, xarici valyutaların qalxması Türkiyə bazarında qiymət artımına gətirib çıxarır.
Ümumilikdə, Türkiyədə fəaliyyət göstərən hotel kompleksləri gündə üç dəfə qidalanmaya üstünlük verirlər. Onlar “All inclusive / Ultra all inclusive” konseptində çalışdıqları üçün xərclərin 70%-i qidalanmaya gedir. Bu baxımdan da, Türkiyə bazarında ərzaq qiymətlərinin artması hotellərin qiymətlərinin qalxmasına səbəb olur. Burada xüsusi vurğulamaq istəyirəm ki, Antalya, Bodrum, Kuşadasında fəaliyyət göstərən hotellərdə qidalanmaya, ərzağa xeyli pullar xərclənir. Bahalaşmanın əsasını da bu təşkil edir".
Ekspert bildirib ki, bahalaşmaya təsir edən amillərdən biri də Türkiyədə maaşların qalxmasıdır:
"Təbii ki, Türkiyə hotelləri daha yaxşı servis göstərmək üçün əlavə personal cəlb edirlər. Xüsusən yay mövsümü ərzində əlavə olaraq işçilər 30-40% artırılır. Hətta elə hotellər var ki, personal sayını 50%-ə qədər artırırlar. Bu da daha keyfiyyətli xidmət göstərmək üçündür.
200 otaqlı bir hoteldə 300-500 arası əməkdaş çalışır. Yəni, bu işi bəlkə də 50 nəfərlə də tamamlamaq olar, amma Türkiyə turizminin inkişafı və daha yaxşı xidmət üçün işçilər artırılır.
Ümumilikdə, tələbat qiymətin artmasına səbəb olur. Bu gün onu da nəzərə almalıyı1q ki, dünyada baş verən münaqişələr Türkiyə turizm bazarına yaxşı mənada təsir edir. Çünki Rusiya vətəndaşlarının Avropaya gedişində məhdudiyyətlər var. Bu səbəbdən rusiyalı turistlər kütləvi şəkildə Türkiyəyə axın edirlər. Bu da tələbatı artırır və tələbat artdıqca qiymət də artır”.
Aysel, BakuPost