Ru
20:00 / 09 Aprel 2024

Aktyorluğu "Ögey ana", rejissorluğu "Fəryad"la parladı - Aydın Kazımzadə

3613
“Ceyhun Azərbaycan kinosuna əfsanə kimi gəldi, elə əfsanə kimi də getdi. Adətən, kinoya gələn aktyorlar yavaş-yavaş böyüyüb sənətkar olurlar. Müəyyən illər yaşayırlar, fəxri adlar alırlar, yaşa dolandan sonra etdiklərini özləri üçün xırdalayırlar. Amma Ceyhun elə bil kinoya birdən qopan tufan kimi gəldi. Yəni, uşaqikən bu adam filmlərə çəkilməyə başladı”.

Bunu Bakupost.az -a açıqlamasında kinoşunas Aydın Kazımzadə aktyor Ceyhun Mirzəyev haqda danışarkən deyib.

A.Kazımzadə C.Mirzəyevin özünü kinoya fəda etdiyini bildirdi:

“Çox qəribədir ki, Ceyhunu məşhurlaşdıran “Ögey ana” filmi oldu. Burda rejissorun da hünəri çox böyük idi. Amma Ceyhunun istedadı da öz sözünü dedi. O, anadan aktyor doğulmuşdu. Ceyhun “Görüş” filmində balaca bir epizoda çəkildi. Orda Əliağa Ağayev yemək yeyəndə onun başına bir qapaz vurur. Əslində isə bu qapaz yox, xeyir-dua idi. Bunu Ceyhuna da demişdim. O, uşaqikən daha bir neçə filmə çəkildi. “Yenilməz batalyon”da oynadı. Bu adam sakit qala bilmirdi. “Dəli Kür” filmində də çox gözəl oynadı.

Ceyhun rejissorluğa “Mozalan” da başladı və xeyli təcrübə yığıdı. Vaqif Mustafayevin “Bəyin oğurlanması” filmi baxırsan ki, başdan-aya mozalandır. Ceyhun bir neçə film çəkdi. “İşarəni dənizdən gözləyin” filmi də onundur və inqilabı mövzudadır. Onun aktyor sənətində ulduzu “Ögey ana”, rejissorluqda isə “Fəryad” filmiylə parladı. Çox təəssüf ki, Ceyhun həyatdan erkən getdiyi üçün çəkdiyi filminə belə baxa bilmədi”.

A.Kazımzadə C.Mirzəyevin göstərdiyi xidmətlərə görə qiymətləndirilmədiyini də bildirib:

“Deməzdim ki, Ceyhunun xidmətləri kino rəhbərlərinin nəzərindən qaçıb. Amma laqeydlik olub. Hətta bir dəfə kinostudiyanın rəhbərliyi qarşısında aktyorların mükafatlandırılması məsələsi qaldırılanda yoldaşlardan biri demişdi ki, Ceyhun kinoda nə edib ki, ona fəxri ad verilsin. Bu sözləri Ceyhuna çatdırandan sonra o insan içində küsdü, amma yenə də filmlər çəkdi. Beləliklə, Ceyhun böyük bir sənət qoydu getdi. Amma təəssüf ki, heç bir fəxri ad almadı”.

Qeyd edək ki, bu gün aktyor Ceyhun Mirzəyevin ad günüdür. O, 1946-cı il aprelin 9-da Ağdamn Abdal Gülablı kəndində anadan olub. Onun 46 illik ömrünün 35 ili kino ilə bağlı olub. “Görüş”, “Ögey ana” kimi filmlərdə hələ uşaq ikən rollara çəkilib. “Mozalan”ın bədii rəhbəri olub. Onun son filmi müharibə mövzusunda çəkilən “Fəryad” olub. C.Mirzəyev 1993-cü il martın 5-də ürəktutmasından vəfat edib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər