Astaranın Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar zamanı unikal hovuz kompleksi üzə çıxarılıb.
Bakupost.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyasına rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev bu barədə məlumat verib.
O, bildirib ki, hovuz yoncavari (“Lotos” çiçəyi) formada olub və diametri təxminən 1,5 metrdir. Kompleksə daş su arxları və döşəməsi plitələrlə örtülmüş əlavə tikililər daxildir.
Saxsı qalıqlar və tikinti texnikasına əsasən, bu qurğunun eramızdan əvvəl I əsr – eramızın III əsrinə aid olduğu güman edilir. Qalaya bitişik divar izləri və relyef hovuzun ritual və ya ictimai məqsədlə istifadə olunduğunu göstərir.