Ru
18:55 / 11 İyun 2025

"Autosell" lizinq şirkəti vətəndaşın avtomobilini oğurladı - "Reket kimi davranırlar"

"Autosell"  lizinq şirkəti vətəndaşın avtomobilini oğurladı - "Reket kimi davranırlar"
Eye

"Autosell" lizinq şirkəti ödənişini tamamlayan müştərisi Emin Abışovun avtomobilini oğurlayıb və aylardır geri qaytarmır.

Hüquqları pozulan vətəndaş bu barədə Bakupost.az -a şikayətində bildirib.

E.Abışovun sözlərinə görə, lizinq şirkəti ödənişi tam bitən avtomobilin rəsmiləşdirilməsi prosesinə süni maneələr yaradır.

Məsələ, Emin Abışovun şirkətdən iki avtomobil — biri öz istifadəsi (İnfinity FX 50), digəri (BMW 750) isə Türkiyə vətəndaşı olan iş ortağı üçün götürməsi ilə başlayıb. O, öz avtomobilinin ödənişlərini cədvələ uyğun şəkildə ödəyib:


"Türkiyəli iş ortağım ödənişləri gecikdirdi. Mənimlə əlaqə saxladılar, bütün məlumatları onlara verdim. Uzun müddət sonra “BMW”ni Şəmkirdə tapdılar. Avtomobilin gətirilməsində onlarla birlikdə iştirak etmək istəsəm də, lizinq şirkəti bununla razılaşmadı. Onlar avtomobili sürərək Bakıya gətirdilər. Amma sonra məlum oldu ki, avtomobilin mühərriki dağıdılıb. Şirkətin bəzi əməkdaşları bildirdilər ki, avtomobil Bakıya gətirildikdən sonra istifadə olunub və nəticədə mühərrikində problemlər yaranıb. Onu təmir etdirməyə çalışsalar da, bacarmayıblar. Sonra sökülmüş mühərrik avtomobilin salonuna qoyulub. Bu şəkildə lizinq şirkətinin həyətində saxlanılır. Buna baxmayaraq, mən dedim ki, ayda 500 manat ödəyim, “BMW”ni götürüm, lakin daha yüksək qiymət dedilər".

E.Abışov deyir ki, lizinq şirkətinin özbaşınalıqları bununla bitmir. Belə ki, onun ödənişi tamamlanan “İnfinity” markalı avtomobilini də oğurlayıblar:

“Avtomobil cərimə meydançasında olanda onu məndən icazəsiz ordan qaçırıblar. Halbuki o avtomobilin pulunu ödəmişəm. Bu, oğurluqdur. Avtomobili adıma keçirmək üçün özlərinin dağıtdıqları “BMW”nin pulunu ödəməyimi tələb edirlər. Mən özüm üçün götürdüyüm maşının ödənişlərini başa vurmuşam. Onu adıma keçirmələrinə heç bir maneə olmamalıdır. Özü də bu iki avtomobilin müqavilələri bir-biri ilə əlaqəli deyil. Əgər digər avtomobillə bağlı problem varsa, bu məsələ məhkəmədə həll oluna bilər. Digər tərəfdən, pulu ödənilməyən avtmobil də onlardadır. Hər iki maşını götürüblər".

Şirkətlə problemini birbaşa müzakirə etmək istəyən E.Abışov dəfələrlə "Autosell"ə baş çəksə də, burada süründürməçiliklə qarşılaşıb. Onun sözlərinə görə, uzun müddət dəhlizdə gözlədilib və qəbul üçün müxtəlif maneələr yaradılıb:

"Rəhbərlikdən bir nəfər yoxdur ki, görüşüb məsələni müzakirə edəsən. Tam bir özbaşınalıq və qanunsuzluq hökm sürür. Adamlarla reket qaydaları ilə davranırlar".

Məsələ ilə bağlı vəkil Anar Ramazanov Bakupost.az-a açıqlamasında bildirdi ki, müqavilələr ayrıdır və bir avtomobilin ödənişinin gecikməsinə görə digərinin rəsmiləşdirilməsindən imtina etmək qanunsuzdur:


“Lizinqdən avtomobil götürülərkən müvafiq daxili müqavilə bağlanılır. Göstərilən müddət və şərtlərlə ödəniş tam edildikdən sonra avtomobil lizinq alanın mülkiyyətinə keçirilməlidir. Şərtlər hər bir lizinq predmetinə münasibətdə ayrılıqda nəzərə alınır. Əgər vətəndaş şirkətdən bir neçə avtomobil götürübsə, hər müqavilə üçün münasibətlər həmin müqaviləyə uyğun tənzimlənməlidir. Ola bilər ki, bir müqavilə üzrə avtomobil vətəndaşdan geri alınsın, digəri üzrə isə avtomobil vətəndaşın mülkiyyətinə keçirilsin.”

Məsələ ilə bağlı "Autosell" lizinq şirkətinə də sorğu ünvanladıq. Şirkət cavab üçün bizi günlərlə gözlətdi. Buna baxmayaraq, neytrallığı qorumaq üçün lizinq şirkətinin mövqeyini gözlədik.

Nəhayət, dəfələrlə etdiyimiz zənglərdən sonra sorğumuza şirkətin hüquqşünası İlkin Cəfərovdan reaksiya gəldi. Lakin bu, bizim qoyduğumuz sualın cavabı deyildi:

"BMW” markalı avtomobillə bağlı məhkəmə prosesi davam edir. Lakin “İnfinity” markalı avtomobilin niyə rəsmiləşdirilmədiyi ilə bağlı məlumatım yoxdur. Mən rəhbərliyə bildirərəm, bununla bağlı sizə məlumat versinlər".

İlkin Cəfərovdan obyektiv olaraq hüquqşünas kimi vəziyyəti hüquqi cəhətdən izah etməsini xahiş etsək də, bu da digər sorğumuz kimi cavabsız qaldı.

Günlərlə, hətta həftələrlə davam edən gözləntilərə baxmayaraq, “Autosell” rəhbərliyi ictimai maraq doğuran bu hadisəyə susqun qalır. Bu, sadəcə informasiyanı gizlətmək deyil — bu, məsuliyyətdən yayınmaq, müştərilər, media və ictimaiyyətə saymazyana münasibətdir. Biz yazını yayımlamaq qərarına gəldik, çünki şirkətin cavabını gözləmək, cəmiyyətin məlumat alma haqqının pozulması ilə nəticələnir.

İndi isə gözlənilən tək şey – “Autosell”in hüquqi və etik məsuliyyətini dərk edərək, öz davranışlarına cavab verməsidir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar