Ru
17:15 / 30 İyun 2025

"Azərbaycan Rusiyaya adekvat cavab verəcək” - Politoloq

"Azərbaycan Rusiyaya adekvat cavab verəcək” - Politoloq
Eye

"Bu zorakılıq və etnik zəmində cinayət son vaxtlar Rusiya tərəfindən Azərbaycana qarşı həyata keçirilən hədə-qorxu, təhdid və şantaj siyasətinin bariz nümunəsidir".

Bunu Bakupost.az -a politoloq Zaur İbrahimli Yekaterinburqda soydaşlarımıza qarşı baş verən vəhşiliklər haqda danışarkən bildirib.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki, Rusiya tərəfindən Azərbaycana qarşı qeyri-dost addımlar atılır:


"Azərbaycana qarşı kiberhücumlar təşkil edilib. Mülki təyyarəmiz Rusiya ərazisində vurulub. Lakin hələ də üzr istənilməyib və kompensasiya verilməyib. Azərbaycan Milli Məclisinin deputatı Rusiyaya buraxılmayıb, halbuki dəvət məhz Rusiya tərəfindən gəlmişdi. Nəhayət, Yekaterinburqda baş verən hadisə ümumilikdə Azərbaycana qarşı həyata keçirilən təhdid və hədə-qorxu siyasətinin bir həlqəsidir, dəhşətli və qanlı bir epizodudur.
Çox təəssüf ki, son vaxtlar Kreml təbliğatçıları Azərbaycana qarşı düşmən obrazı formalaşdırmağa çalışırlar və bu istiqamətdə intensiv iş aparırlar. Məhz bu təbliğatın və siyasətin nəticəsində belə qanlı hadisələr baş verir”.

Politoloqun fikrincə, bu münasibətin kökündə Azərbaycanın müstəqil siyasəti və bölgədə güclənən mövqeyi dayanır:
“Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazda rolunun güclənməsi, eyni zamanda beynəlxalq münasibətlər sistemində real subyekt kimi müstəqil siyasət yeritməsi imperiya təfəkkürü ilə yaşayan Rusiya rəhbərliyi tərəfindən qəbul edilmir. Azərbaycanın ərazilərini müharibə yolu ilə azad etməsi Rusiyanın imperialist yanaşmasına ən böyük zərbələrdən biri oldu. Hətta müharibə dövründə belə Azərbaycana təzyiqlər göstərməyə çalışırdılar, lakin buna nail ola bilmədilər. Azərbaycan öz maraqlarını qoruya bildi və hazırda biz bu siyasətin davamını müşahidə edirik”.

Ekspertin sözlərinə görə, Kreml strateqləri hesab edirlər ki, Rusiyada yaşayan azərbaycanlılara təzyiq etməklə Bakıya təsir göstərmək mümkündür:

“Lakin onlar unudurlar ki, çağdaş Azərbaycan təcrübəsində belə bir hal baş verməyib. İstər Amerika Birləşmiş Ştatları ilə, istərsə də Avropa İttifaqı və ona üzv ölkələrlə münasibətlərdə Azərbaycan həmişə bərabərhüquqlu tərəfdaşlığı əsas götürüb. Bunun əksi olan bütün addımları rədd edib və heç vaxt öz mövqeyindən geri çəkilməyib. Nə ərazilərimizin işğalı, nə Azərbaycana qarşı törədilən soyqırımı və terror aktları ölkəmizi müstəqil xarici siyasətdən geri addım atmağa məcbur edə bilməyib. Yaxşı olardı ki, artıq Rusiya hakim dairələri bu reallığı qəbul etsinlər. Əgər Azərbaycanla münasibətlərin normallaşmasını istəyirlərsə, etnik zəmində baş verən cinayətlər obyektiv araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycana məxsus vurulmuş mülki təyyarəyə görə kompensasiya verilməli, ölkəmizdən rəsmi şəkildə üzr istənilməlidir. Azərbaycan hər zaman mehriban qonşuluq siyasəti prinsiplərinə sadiq olub və əgər Rusiya tərəfindən adekvat addımlar atılarsa, bu, cavabsız qalmayacaq. Əks halda, Azərbaycan da adekvat addım atacaq və ölkəmizə qarşı atılan qeyri-dost addımlar güzgü effekti ilə cavablandırılacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar