Ru
18:29 / 23 Aprel 2026

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda maaş sistemi dəyişir -  YENİ MODEL
Eye

Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib. Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır.

Son dəyişikliklərə əsasən, minimum əməkhaqqına artıq ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur ki, bu da prosesin daha sistemli xarakter alacağını göstərir. Bununla belə, əsas müzakirə mövzusu minimum əməkhaqqının hansı səviyyədə müəyyənləşdirilməli olduğu və onun orta əməkhaqqı ilə nisbətinin necə tənzimlənməsidir.

Bəs təklif olunan model – yəni minimum əməkhaqqının orta maaşa nisbətinin artırılması nə dərəcədə effektiv ola bilər? Bu addım aşağı gəlirli əhalinin sosial rifahına real təsir göstərəcəkmi və minimum əməkhaqqı hansı həddə qədər yüksəldilməlidir?

Bakupost.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a mövzu ilə bağlı danışarkən Vüqar Bayramovun dediyi yanaşmanın beynəlxalq praktikada “Kaitz indeksi” adlandığını bildirib:

"Yəni minimum əməkhaqqı orta və ya median əməkhaqqına bağlanır ki, alıcılıq qabiliyyəti qorunsun və əmək bazarında kəskin disbalans yaranmasın. Hazırda Azərbaycanda 2026-cı il üçün minimum əməkhaqqı 400 manatdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1020-1050 manat civarındadır. Deməli minimum əməkhaqqı orta əməkhaqqının təxminən 38-39 faizinə bərabərdir.

Avropa İttifaqı 2022-ci ildə direktiv qəbul etdi ki, üzv ölkələr minimum əməkhaqqını müəyyən edəndə orta əməkhaqqının 60 faizi və ya median əməkhaqqının 50 faizi göstəricisini istinad götürsünlər. Beynəlxalq Əmək Təşkilatı da yoxsulluq həddini azaltmaq üçün 45-60 faiz aralığını tövsiyə edir. Bu məntiqlə Azərbaycanda minimum əməkhaqqı 1020 manatın 50-60 faizi, yəni 510-610 manat arasında olsa, beynəlxalq standarta yaxınlaşar.

Təklifin effekti bir neçə cür ola bilər. Müsbət tərəfi odur ki, aşağı maaşlı təbəqənin gəliri artır, istehlak canlanır, rəsmi məşğulluq stimullaşır, kölgə iqtisadiyyatı azalır. Çünki işəgötürən minimumu rəsmi göstərib qalanı “zərfdə” verməkdə maraqlı olmur. Həm də sosial bərabərsizlik bir az azalır”.

İqtisadçı məsələnin riskli tərəfindən də danışıb:

“Əgər minimum əməkhaqqı çox kəskin qaldırılsa və özəl sektorda məhsuldarlıq o qədər artmayıbsa, kiçik müəssisələr işçiləri ixtisar edə bilər və ya qiymətləri qaldırar. Bu da inflyasiyanı qızışdırar. Xüsusilə regionlarda və kənd təsərrüfatında orta maaş Bakıdan aşağı olduğu üçün 600 manatlıq minimum bəzi müəssisələri bağlanmağa məcbur edə bilər. Büdcəyə də yük düşür, çünki dövlət sektorunda da maaşlar minimuma bağlı artır. Ona görə ən balanslı variant mərhələli artımdır.

Məsələn, indi 400 manatdırsa, gələn il 480-500 manata, sonra 550-580 manata qaldırmaq və orta əməkhaqqının 50 faizinə çatdırmaq. Belə olanda həm işəgötürən uyğunlaşa bilir, həm də alıcılıq qabiliyyəti qorunur.

Bir sözlə, Vüqar Bayramovun təklifi iqtisadi əsaslıdır və effekti ola bilər, amma artım birdən-birə yox, mərhələ ilə, region fərqləri və inflyasiya nəzərə alınmaqla getməlidir. Minimum əməkhaqqının 510-600 manat aralığı hədəf kimi normal görünür, lakin bunu 1 ilə yox, 2-3 ilə yaymaq daha təhlükəsizdir”.

Şərhlər
  • Elmin

    Camaatı doluyublar Vallah!!! Ayıb olsun!!!

  • Zaur

    O yazdığınız rəqəmləri hardan alırsız Mənə çox təəcüblü gəlir. Azərbaycanda orta əmək haqqı hardan 1050 manat olub və ya minimum əmək haqqı hardan 400 manat olub? Zəhmət olmasa buna bir açıqlama verin. 1050 manatı əhalinin 2-3%ala bilər amma 90`ğ-700 və ən yaxşı halda 800 manat alır. Siz Allah yazanda doğru düzgün məlumat yazın. Mən güçlə bir iş tapmışam 600 manat alıram onunda 70-80 manatını sığortaya, pensiya fonduna tuturlar. Bir sözdə deyim 30-35 yaşdan sonra adamı əsasən də kişiləri işə də götürmürlər

  • Mən

    Sadəcə oxudum və güldüm çünki 2-3 ilə bu maaşları belə qaldirirsinizsa bilin ki,mağazalarda qiymətlərdə qalxır bunun heç kimə köməyi olmur.Ən az əmək haqqı ölkəmizdə 1000 manat olsa və uşaq pulu verilsə baxın onda bəlkədə millət normal yaşayar!

  • AYDİN

    Siz kağız üzərində rəqəm deyirsiniz, amma reallıq başqadır. Mən o deyilən maaşı almıram və tanıdığım insanların da çoxu almır. Statistik rəqəmlərlə insanın gündəlik həyatı üst-üstə düşmür.” az goplayın

  • Ramin

    Basın bağlayın getsin.Hec ne de duzelmir ölkədə. Əksinə pisliyə doğru gedir hər şey ölkədə.

  • Vüqar

    indiki maaşlarla sadece sürünürüy yaşamiriq 29 yaşim var 11 ildi işleyirem ancaq ac qalmayaq deye işleyirik magazalarda olan qiymetlerle maaş bir deyil bir ayda 600-700 arasi maas alirsan 1 ayliq aile praduqtu bele kasib yana 350-400 man verirsen sorada ayin ortasi olmamis başlayirsan allaha baxmağa ki yetire dolanasan

  • Rəşad

    Allah , Allah necə gözəl məsləhət verirsiz ! Heç bir işə yarımayan , dövlətin və millətin zərərinə qanunvericilik hazırlayan deputat kimilər , 15 -20 000 manat maaş alsın , qara camaat 500 manat . Əgər heç bir fəaliyyəti olmayanların əmək haqqı 3 dəfə qalxırasa , əsas fəaliyyətlə məşğul olanların əmək haqqı 15 dəfə qalxmalıdır . A, töbə neynəsin yazıxlar , indiyə kimin əsl insan kimin əmək haqqı görməyib ki, gərək nəsə görə ki . !

  • Sərxan

    Maaş qalxacaq eynilə qiymətlərdə day nəyə qaldırırsızki qoyun belə qalsın

  • Mamed

    Bir spzlə söhbət əhalinin rifahına gələndə hər şey risklidi, milli məclisə deputatlara gələndə risk düşünülnür, göz yumulur, imza atılır. Cənab vüqar bəy, yolunu deyimdə, bütün icra başçılarının, nazirlərin, komitə sədrlərinin yastıqlarının altını təmizləyin, büdcəyə qoyun! Nəinki əmık haqqı hətta uşaq pukuda düzələcək, ayda 300 manat

  • Özüm

    2 3 ilə 2 3 dəfə qiymət qalxacaq, ha Həsən keçəl hə keçəl Həsən ????

  • Rövşən

    2-3 ilə də qiymətlər həmin olmayacaq

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar