"Dünyada ən bahalı internet xidməti Azərbaycandadır, niyə? Azərbaycanda internet və danışığın qiyməti yüksəkdir. Yəni internetə və danışığa 30 gün ərzində verdiyimiz pulun orta aylıq əmək haqqımızda payı 3.52 faiz təşkil edir. Bu göstərici Gürcüstanda 3.10%, Rusiyada 0.94%, ABŞ-da 2.18 faiz təşkil edir. Başqa sözlə desək, qazancının ən böyük hissəsini internet və rabitəyə xərcləməkdə Azərbaycan vətəndaşları ilk sıradadır".
Bakupost.az xəbər verir ki, bunu marketoloq Müşfiq Hüseynov bildirib.
O, telefon danışıqları və internetin qiyməti ilə müqayisəli təhlil hazırladığını qeyd edib:
“Ərinmədim, həm maaşları, həm interneti, həm limitsiz aylıq danışığın qiyməti hesabladım, həm də maaşların bütün bunların məcmu qiymətinə olan nisbətində müqayisəli təhlil hazırladım.
Ölkələri eyni internet sürətinə — 74.08 Mbit/s (Azərbaycandakı orta göstərici ilə eyni səviyyəyə) gətirdim ki, müqayisə düzgün olsun. Çünki, elə ölkələr var ki, orda sürət 20 Mbit/s, elə ölkələr var ki, 250 Mbit/s-dir. Hər biri 10 GB versə də, sürətlər başqadır.
10 GB internet + 1 ay danışıq + orta aylıq maaş və bütün bunların orta aylıq maaşa olan nisbəti:
Ölkə Orta ƏH($) Qiyməti($) O ƏH/%?
Azərbaycan 550 18.40 3.52%
Gürcüstan 575 17.81 3.10%
Ermənistan 600 18.29 3.05%
ABŞ 6725 146.49 2.18%
Banqladeş 225 5.08 2.26%
Hindistan 182 3.30 1.18%
Çin 1150 12.94 1.13%
Fransa 3100 14.45 0.47%
Almaniya 3400 23.76 0.70%
Rusiya 810 7.63 0.94%
Azərbaycanda qiymət pis deyil, amma hər şey müqayisədə görsənir. Özü də orta əmək haqqına nisbətdə müqayisədə”.
Marketoloq bu vəziyyətə gətirən səbəbləri də açıqlayaraq, bunu 2 amil ilə əlaqələndirib:
“1. Əhalinin sayı azdır. Azdır deyə, bahalıdır. Misal üçün Malidə orta maaş Azərbaycan kimi 600 dollar təşkil etsə də, əhali 17 milyon olduğuna görə, orta əmək haqqının cəmi 2.5 faizini internet və telefon danışığına verir. Başqa nümunəyə baxaq. Qvatemalada 18 milyon əhali yaşayır, orta aylıq əmək haqqıları 600 dollardır və orta əmək haqqının 2 faizini bu xidmətlərə ödəyir. Eləcə də Çin, Hindistan, ABŞ, Pakistan və sair ölkələrin əhalisi çox, orta əmək haqlarının isə faizi aşağıdır.
Qısacası, Azərbaycanda, Gürcüstanda əhali azdır deyə, əməliyyat xərcləri yüksək qalır. Buna görə də bizdə rabitənin qiymətləri bahadır.
2. Azərbaycanda MVNO yoxdur. Bəs MVNO nədir? Niyə ondan Fransada 25, Amerikada 130, Almaniyada 50 dənədir, amma Azərbaycanda heç yoxdur? MVNO-nun qiymətə nə təsiri var?
MVNO (Mobil Virtual Şəbəkə Operatoru) — bu, öz antenası, baza stansiyası, şəbəkəsi olmayan mobil operator deməkdir. Bir növ private label... O, misal üçün, Azercell, Bakcell və ya Nar kimi real operatorlardan şəbəkəni icarəyə götürür, amma:
- Öz tarif paketlərini yaradır;
- Öz brend adı ilə çıxış edir;
- Özünün müştəri xidməti olur.
Dünyadan nümunə:
- ABŞ-da “Mint Mobile” – “T-Mobile” şəbəkəsini icarəyə götürür, amma qiymətləri 2-3 dəfə ucuzdur;
- Fransada “Lebara Mobile”– “Orange” şəbəkəsi üzərində işləyir, miqrantlara və xaricə zəng edənlərə ucuz tariflər təqdim edir;
- Almaniyada “Aldi Talk” – “O2” şəbəkəsi üzərində işləyir, amma supermarket qiymətləri ilə.
Bəs Azərbaycanda MVNO olsa, nə olacaq?
1.Rəqabət artacaq – qiymətlər enəcək
- Hazırda cəmi 3 operator var.
- MVNO gələndə → daha ucuz tariflər, sərfəli təkliflər, yeni brend alternativləri yaranacaq.
2. Niş bazarlara uyğun xüsusi tariflər yaranar;
- Tələbələr, yaşlılar, uşaqlar, sürücülər üçün xüsusi paketlər - məsələn, “Tələbə 3₼” tarifi – yalnız Teleqram, Zoom və Google Meet üçün internet.
3. Daha çevik və yaradıcı yanaşmalar;
- Günlük abunə (məsələn, 3 gün internet – 1 manat)
- eSIM texnologiyalı virtual nömrələr, beynəlxalq bonuslar, avtomatik deaktivasiya sistemləri.
4. Ticarət brendləri ilə mobil xidmət;
- Bravo, Kontakt Home və ya Kapital Bank MVNO yaratsa, müştərilərə alış-veriş üçün bonuslar, kəşbək, ballar təqdim edə bilər.
5. İnsanların büdcəsinə düşən yük azalar;
- Hazırda biz mobil rabitəyə 18.40$ (~3.5% orta maaş) xərcləyirik.
- MVNO-ların olduğu ölkələrdə bu rəqəm 1–2%-ə düşür
Bəs Azərbaycanda niyə MVNO yoxdur?
- Hüquqi lisenziya sistemi yoxdur - qurulmalıdır.
- Böyük operatorlar rəqabət istəmir və bunu anlamaq olar.
- Əlbəttə, əhalinin gəlir səviyyəsini aşağı olması, operatorların texnikaları xaricdən baha qiymətə idxal etməsi (yerli alt yapının olmaması), dövlətin ünvanlı yardımda və ərzaq səbətində yüksək keyfiyyətli interneti nəzərə almaması (Almaniya, Fransa ABŞ-də nəzərə alınıb ) da qiymətlərə təsir edir. Səbəbi anlayanda, nəticəyə də doğru qiymət vermək mümkün olur”.
Aytac,
BakuPost